Kemptendə yerləşən ABT Sportsline tüninq atelyesi birinci olaraq Audi şirkətinin yeni bayraqdar krossoveri Q8 modeli üçün təkmilləşdirmələr proqramını təqdim edib.
Hazırda alman tüner Audi Q8 modeli üçün güc artırılması dəstini, iri düymlü təkər disklərini və interyerdəki kiçik dəyişiklikləri təklif edir. Eyni zamanda, tüner daha geniş tüninq proqramı üzərində çalışmalarını davam etdirir.
ABT mütəxəssisləri ilk növbədə 3,0-litrlik dizel mühərriki ilə təchiz edilən Audi Q8 50 TDI quattro “yumşaq” hibridinin gücünü artırmağı təklif edirlər. Yeni idarəetmə blokunun quraşdırılması sayəsində hibrid qurğunun gücü 286 at qüvvəsindən 330 at qüvvəsinə, fırlanma anı isə 600 Nm-dən 650 Nm-ə qədər artırılır.
Eksteryerdəki yeniliklərə gəldikdə isə, tüner krossoveri müxtərif rəng variantına malik olan 22-düymlük təkər diskləri və aerodinamik kuzov dəsti ilə təchiz edir. İnteryerdəki dəyişikliklər hər zaman olduğu kimi cüzi xarakter daşıyır.