ABT tüninq atelyesi “bərkgedən” Audi RS3 Sportback hetçbeki üçün təkmilləşdirmələr proqramını təqdim edib. Kemptendən olan mütəxəssislər “qaynar” hetçbekin gücünü 500 at qüvvəsinə çatdırmağı təklif edirlər.
Məlum olduğu kimi, adi RS3 Sportback hetçbeki 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2,5-litrlik beş silindrli turbimühərriklə təchiz edilir. Tam çəkiş sisteminə malik olan hetçbek 100 km/saat sürətini 4,1 saniyəyə toplayır. Onun maksimal sürəti 280 km/saatdır.
ABT atelyesi mühərriki yeni interkuler, buraxılış sistemi və idarəetmə elektronikasının proqram təminatı ilə təmin edərək onun gücünü 460 və 500 at qüvvəsinə qədər artırıbdır. Bununla belə, təkmilləşdirilmiş hetçbekin dinamik xüsusiyyətləri açıqlanmayıb. Ən güclü variantı əldə etmək üçün 10 min avro ödəmək gərəkdir.
Bundan başqa, hetçbeki aerodinamik kuzov dəstinin əlavə elementləri, 380-millimetrlik diskləri olan güclü əyləc mexanizmləri, köndələn dayanıqlılıq stabilizatorları, KW firmasının yay və idman amortizatorları ilə təchiz etmək təklif olunur.
Əlbəttə ki, hər birinin qiyməti 1,6 – 9,5 min avro təşkil edən firma təkər disklərini də yaddan çıxarmaq olmaz. Tüner bu hetçbek üçün klirensi tənzimlənə bilən asqı sistemini də hazırlayıb. Ümumilikdə tüninq proqramı 15 min avroya başa gələcəkdir.