Volkswagen komserninə daxil olan markaların avtomobillərinin tüninqi ilə məşhurlaşan ABT Sportsline atelyesi Audi S4 Avant modeli üçün hazırladığı tüninq proqramını təqdim etmişdir.
ABT Sportsline mütəxəssisləri tərəfindən hazırlanmış Audi S4 Avant modelinin kütləvi təqdimat mərasimi mart ayında qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda baş tutacaqdır. Keptendən olan mütəxəssislər, ənənəvi olaraq, ilk növbdədə güc aqreqatının üzərində çalışmışdırlar. Yeni elektron idarəetmə blokunun quraşdırılması sayəsində 3,0-litrlik V6 mühərrikinin gücü 425 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-ə qədər artırılmışdır.
Beləliklə, bərkgedən universal 100 km/saat həddini 4,7 saniyəyə toplayır.
ABT Sportsline dizaynerləri adətən avtomobillərin görkəmini cüzi dəyişikliklər etməklə təkmilləşdirməyə üstünlük verirlər. Bu ənənəni Audi S4 Avant universalına da şamil etmək olar. Avtomobilin çöhrəsindəki dəyişikliklər ön splitter və radiator barmaqlığından ibarətdir. Əlbəttə ki, alman atelyesinin təklif etdiyi təkər diskləri çeşidini də unutmamaq gərəkdir. Müştərilər 19 və ya 20-düymlük DR, ER-C və FR diskləri arasında seçim edə bilərlər. Avtomobilin salonunda isə ABT loqotipi olan ayaqaltıları, alüminiumla örtülmüş pedalları və başqa müxtəlif yenilikləri müşahidə etmək mümkündür.