Volkswagen qrupuna daxil olan markaların avtomobillərinin tüninqi ilə məşhur olan ABT Sportsline atelyesi yeni nəsil Audi S5 ailəsi üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim etmişdir. Yeni tüninq proqramı bu ailəyə daxil olan S5 Coupe, S5 Cabriolet və S5 Sportback modelləri üçün təklif edilir.
Yeni ABT Power dəsti sayəsində 3,0-litrlik V6 turbomühərrikinin gücü 425 at qüvvəsinə, fırlanma anı isə 550 Nm-ə qədər artırılmışdır. Bu standart mühərrikin təklif etdiyindən 70 at qüvvəsi və 50 Nm çoxdur. Bununla belə, atelyenin mətbuat xidməti təkmilləşdirilmiş modellərin dinamik xüsusiyyətləri barədə açıqlama verməmişdir. Mətbuat açıqlaması ilə birlikdə alman atelyesi tüninqə məruz qalmış Audi S5 kupesinin fotoşəkillərini dərc etmişdir.
Mühərrikin gücünün artırılması ilə yanaşı, tüninq proqramı yeni aerodinamik parçalar dəstinin və 19 yaxud 20-düymlük xüsusi ABT Sport GR təkər disklərinin quraşdırılmasını da təklif edir.
Əlavə olaraq, avtomobil unikal arxa «ətəyə» və səsboğucu sistemə sahib olmuşdur. 425 at qüvvəli kupenin salonunda alman firmasının loqotipləri və çox sayda eksklyuziv həll yolları öz əksini tapmışdır.