ABT Sportsline atelyesi ilk kemperini təqdim edib. O, uzadılmış Volkswagen T6.1 modelinə əsaslanır və səyahət üçün lazım olan hər şeylə təchiz olunub. Avtomobildə iki mətbəx, elektrik generatoru, dörd çarpayı və düşərgə ləvazimatını saxlamaq üçün çoxlu çəkməcələr var. Avtomobilin salonu HPL-plastik və təbii ağacla işlənib, istilik izolyasiyası kimi isə, qoyun yunundan istifadə olunub.
Yeni ABT Sportsline miniveni dövrün ruhuna uyğundur, üstəlik o, həm də atelyenin 125 illik tarixindəki ilk kemperdir. Əlbəttə ki, söhbət qaraj tuninqindən getmir. Yenilik təkərli evlərin istehsalçısı olan alman Vaning şirkəti və Volkswagen Group Services bölməsi ilə əməkdaşlıqda yaradılıb.
ABT XNH kemperinin əsasını Volkswagen T6.1 təşkil edir. Minivenin təkər bazası 40 santimetr artırılıb, avtomobil yeni radiator barmaqlığını, yan ətəkləri, habelə Goodyear Eagle F1 Asymmetric 6 şinləri taxılmış 18-düymlük təkər disklərini alıb.
Bütün bunlar kuzovun topoqrafik konturlar formasındakı qrafikası, Thule Omnistor 4200 talvarı və velosiped daşıyıcısı (hər ikisi opsiyadır) ilə tamamlanır. Ancaq ən maraqlı yeniliklər içəridədir. Kemperin interyer tərtibatında üzərinə parça çəkilmiş şüşəplasikdən, yığcam laminatdan və təbii ağacdan, istilik izolyasiyası üçün isə qoyun yunundan istifadə olunur.
Bundan başqa, salonda induksiya plitəsi, soyuducu, işıqlandırma sistemi, səkkiz USB portu və 230 voltluq çıxışı olan mətbəx modulu da quraşdırılıb. Xüsusi bəzək - quraşdırılmış Bluetooth dinamiki olan KOOKOO MoriMori çırağıdır.
Salonda dörd çarpayı olduğu üçün bütün ailə ilə səyahət etmək mümkündür. ABT hətta oxumaq üçün lampanı və yad gözlərdən qorunmaq üçün pəncərələrə maqnit bərkidiciləri olan pərdələri də quraşdırıb.
Əgər siz açıq havada yemək istəyirsinizsə, arxa tərəfdə qaz sobası və qablar üçün çəkməcəli irəli çıxan modul var. Orada günəş çətirləri və ya xizəkləri yerləşdirmək üçün bölmələr də var.
Günəş panelləri və 1900 vatt-saatlıq LiFePO4 batareyası quraşdırılmış generator kemperi elektrik enerjisi ilə təchiz edir. Mühərrikə gəlincə isə, kapotun altında 150 at qüvvəsi və 340 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel aqreqatı yerləşir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.