Audi markasının fanatları məhdud sayda buraxılmış A1 Quattro hetçbekini yaxşı xatırlayırlar. Alman markası A1 modelinin yeni nəslini təqdim etsə də, yığcam hetçbekin «qaynar» A1 Quattro modelinin davamçısı üzərində çalışmaları başlatmaqda tərəddüd edir.
İnqolştatda düşünməkdə olsunlar, amma ABT şirkəti tərəddüd etmək fikrindən çox uzaqdı. Kemptenlilər «ağıllı fikirləşənə kimi, dəli vurub çayı keçdi» prinsipini rəhbər tutaraq, Audi A1 modelini «vəhşiləşdiriblər».
ABT Sportsline hetçbeki Audi TT Cup yarış avtomoblinin 2,0-litrlik mühərriki ilə təchiz edib. Güc aqreqatı 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Qısa müddətə mühərrikin gücünü 340 at qüvvəsinə qədər artırmaq da mümkündür. Kemptenlilər mühərrikin gücünü 400 at qüvvəsinə qədər artırmağa müvəffəq olublar. Xatırladaq ki, 333 nüsxəlik tirajla buraxılmış Aud A1 Quattro modeli 256 at qüvvəsinə və 350 Nm fırlanma anına malik idi. A1 One of One adlandırılmış hetçbekin dinamik xarakteristikaları açıqlanmayıb.
Audi A1 One of One modeli iri qanadları, yeni kapotu, splitterli olan ön bamperi, diffuzor, aerodinamik örtmələri olan 19-düymlük döymə təkər diskləri və mərkəzdə cəmlənmiş çıxış boruları olan kuzov dəstinə sahib olub. Yeni dəst avtomobilin enini 55 mm artırıb.
Əlbəttə, ABT mütəxəssisləri A1 modeli üçün digər qeyri-radikal tüninq proqramını da təklif edirlər. Hetçbeki yeni təkər diskləri, hündürlüyü azaldılmış asqı və mühərrikin yeni proqram təminatı ilə təchiz etmək təklif olunur.