Yeni avtomobilin sahibi olmaq hər kəsin arzusudur və arzunuza çatmağın müxtəlif yolları mövcuddur. Azərbaycan reallığında avtomobil sahibi olmaq üçün kifayət qədər vəsaitiniz olmalıdır. Əgər pulunuz çatmırsa, o zaman banklar sizə yardım etməyə hazırdırlar. Əlbəttə ki, bu o qədər ucuz başa gəlməyəcəkdir. Bundan başqa, avtomobili lizinqə götürmək də olar, lakin bizim ölkədə bu xidmət o qədər də geniş vüsət almayıb.
Bununla belə, son zamanlar yeni avtomobil sahibi olmağın maraqlı üsulu da peyda olub. Buna misal kimi, Avropa və Amerikada geniş yayılmış abunə xidmətini göstərmək olar. Bu xidməti karşərinq (avtomobil mübadiləsi) xidməti ilə səhv salmaq olmaz. Karşərinq sizə qısa müddətə başqasının avtomobilindən istifadə etmək və avtomobilini başqaları ilə paylaşmaq imkanı verir. Yəni, sizə 1-2 saatlıq və ya 1 günlük avtomobil lazım olarsa, onu qısa müddətə başqasından icarəyə götürmək olar. Bunun üçün sadəcə smartfonda olan əlavənin köməkliyi ilə yaxında olan avtomobili sifariş edib, sonra da ondan istifadə etmək olar.
Əgər bu xidmət size qane etmirsə və uzun müddətə yeni avtomobil sahibi olmaq istəyirsənsə, bu zaman abunə xidmətindən istifadə etmək olar.
Bəs abuna xidməti nədir? Mahiyyətcə bu xidmət avtomobilin uzunmüddətli icarəyə götürülməsi deməkdir. Siz müəyyən edilmiş məbləği ödəyərək icarəyə yeni avtomobil götürmüş olursunuz. Yəni,kirayə haqqını ödədiyiniz müddətdə avtomobil sizindir.
Abunə xidməti bir neçə ildir ki avtomobil şirkətləri tərəfindən təklif edilir. Belə ki, 2017-ci ildə Volvo, Cadillac və Porsche şirkətləri abunə xidmətini ABŞ və Avropada istifadəyə veriblər.
Bəs abunə xidmətinin üstünlükləri nədir? Məlumdur ki, avtomobilin sahibi onun istismarı boyu müəyyən xərclərlə üzləşir. Bunlara avtomobilin qeydiyyata alınmasına, sığortasına, texniki xidmətinə, qış mövsümü üçün şinlərin alınmasına ödənilən vəsait və nəhayət vergilər aiddir. Abunə xidməti ilə avtomobil alan zaman siz yalnız benzin, avtomobili yuma və parkinq xərclərini ödəyirsiniz, qalan xərcləri isə şirkət öz üzərinə götürür. Hətta, bir sıra şirkətlər aylıq abunə haqqına “konsyerj xidmətini” də daxil edirlər – yəni, gərək olduqda şirkətin əməkdaşını çağıraraq, onu texniki xidmət üzrə bütün işləri görmək üçün vəzifələndirə bilərsiniz.
Abunə xidmətindən istifadə edənlər hər il avtomobilini yenisi ilə əvəzləyə bilər. Hətta, il ərizndə qısa müddətə avtomobilinizi dəyişə də bilərsiniz. Məsələn, hesab edin ki, siz qırmızı rəngli idman avtomobilinin sahibisiniz, amma sizə təbiətə dincəlməyə getmək lazmdır. Bunun üçün bir günlük sportkarınızıofrouderlə dəyişə bilərsiniz.
Bəs bu xidmət nəyə lazımdır? Çünki, avtomobil üçün ödədiyiniz aylıq məbləğ, demək olar ki kredit üzrə aylıq ödənişlərə bərabərdir. Lakin, kreditə nisbətən abunə xidməti müəyyən üstünlüklərə malikdir.
Birincisi, avtomobilin qayğısını çəkmək onun sahibinin vəzifəsidir – yəni, abunə ilə götürülən avtomobilin qayğısını onun sahibi olduğu şirkət çəkir. Kreditlə götürülmüş avtomobilə çəkilən xərclər isə sizin hesabınıza aparılır.
İkincisi, maliyyə vəziyyətinizin pisləşməsi halında (məsələn, bir müddət işsiz qaldıqda), istənilən halda, yenə də krediti qaytarmalısan. Lakin, abunə xidmətindən istifadə etdikdə isə, dərhal icarəyə götürülmüş avtomobili geri qaytara və müvəqqəti olaraq ictimai nəqliyyatdan istifadə edə bilərsən.
Üçüncüsü, abunə yolu ilə alınan yeni avtomobili bir neçə il sürdükdən sonra, onu sahibinə qaytararaq, ondan oxşar şərtlərlə və əlavə xərc çəkmədən yeni modeli götürə bilərsən – yəni, atalar demişkən, avtomobili əlcək kimi dəyişə bilərsiniz. Həmkarlarınızın və qonşularınızın sizə necə həsəd aparacaqlarını özünüz düşünün - çünki hər zaman qapınızda yeni avtomobil duracaq. Avtomobil kredit götürülübsə, əvvəlcə borcu tam ödəməli, sonra isə avtomobili satmalısınız (əlbəttə ki, ciddi pul itkisi ilə). Sonra isə, yenidən başqa kredit götürüb yeni avtomobil almalısınız. Bu sonsuzluğa qədər davam edə bilər.
Dördüncüsü, prinsipcə, bu xidmət əmlak sahibi olmaq istəməyənlər üçün əlverişlidir. Məsələn, bir-iki illik ölkəyə gələn xaricilərə, yaxud əksinə, tezliklə başqa bir şəhərə və ya başqa bir ölkəyə köçməyi planlaşdıranlara.
Avtomobil mübadiləsi (karşərinq) ilə müqayisədə abunə avtomobilinin başqa üstünlükləri var.
Birincisi siz uzun müddət eyni maşından istifadə edəcəksiniz. Əşyalarınızı avtomobildə saxlaya, nəhayət avtomobili tələb və istəklərinizə görə konfiqurasiya edə bilərsiniz.
İkincisi, abunə avtomobilinin şəxsi avtomobillərdən heç bir fərqi yoxdur: onun üzərində etiket, reklam və s. yoxdur.
Üçüncüsü, avtomobilinizdən heç kimin istifadə etmədiyindən və onun texniki cəhətdən saz olduğundan əminsiniz - avtomobili paylaşarkən texniki cəhətdən tamamilə pis vəziyyətdə olan avtomobillə qarşılaşa bilərsiniz. Çünki, heç kim belə avtomobilləri qorumur.
Əlbəttə, təsvir olunan xidmətin çatışmazlıqları da var, özü də ciddi. Abunə xidmətinin əsas çatışmazlığı odur ki, bu avtomobil heç zaman sizə məxsus olmayacaqdır. Ödədiyiniz pulu faktiki olaraq boşuna xərcləmiş olursunuz. Bundan əlavə, abunə şirkətindən asılı olaraq icarəyə götürülmüş avtomobillərə müxtəlif məhdudiyyətlər qoyulur: yürüşə, maksimal sürətə, səyahət edə biləcəyiniz məsafələrə, bölgələrə məhdudiyyət qoyula bilər.
Qeyd etmək gərəkdir ki, artıq bu xidməti yaxın qonşularımız olan Rusiya və Belarusda tətbiq etməyə başlayıblar. Ümid edək ki, yaxın zamanlarda bizim də belə şansımız olacaqdır. İstənilən halda, bu xidmət ölkənin avtomobil parkının keyfiyyətcə yaxşılaşmasına və ekoloji durumun yaxşıya doğru dəyişməsinə yardım edə bilər. Demədi, deməyin...