BMW konserninin avtomobillərinin tüninqi ilə məşğul olan adlı-sanlı atelyelərdən də biri AC Schnitzer sayılır. Almaniyanın Münhen şəhərinin yaxınlığındakı Freysellunqada yerləşən tüninq atelyesi Cenevrə avtomobil salonun üçün hazırladığı ACL2 layihəsini təqdim etmişdir. Yeni layihə BMW M235i kupesinin əsasında yaradılmışdır. Alman atelyesi avtomobilin texniki xarakteristikalarını açıqlamaqdan imtina etsədə, avtomobilin çoxlu sayda təsvirləri ilə bölüşmüşdür.
Dərc edilmiş şəkillərdən də gördüyünüz kimi, AC Schnitzer atelyesinin mütəxəssisləri kuzovun heyranedici aerodinamik parçalar dəstini yaratmağa müvəffəq olmuşlar. AC Schnitzer ACL2 modelinin aerodinamik kuzov dəstinə iri hava girişləri olan qabaq bamper, yeni kandarlar, təkər tağlarının genişləndiriciləri, karbondan hazırlanmış diffuzoru olan arxa bamper və baqaj bölümünün qapağına bərkidilmiş iri antiqanad daxildir. Xüsusi klassik Racing Green rəngə boyanmış kuzovu və qırmızı-güçümü rəngli yüngül lehimli təkər diskləri ilə birlikdə maraqlı tandem təşkil edir.
Qeyd etmək lazımdır ki, avtomobilin aqressiya püskürdən xarici görkəmi ilə bərabər, onun kapotunun altında döyünən «dəmir ürəyinin» və ideal tənzimlənmiş hərəkət hissəsinin olması vacibdir.
ACL2 modellinin kapotunun altında BMW M4 kupesindən alınmış 3,0-litrlik iki turboüfürməli mühərrikin gücünün 570 at qüvvəsi olduğu bildirilir.
Avtomobilin gücünün çəkisinə olan nisbətinin 2,54 kq/a.q. olduğunu nəzərə alsaq, onun konstruksiyasında yüngülləşdirilmiş və kompozit materiallardan geniş istifadə edildiyini anlamaq çətin deyildir.
AC Schnizter atelyesinin bildirdiyinə görə, ACL2 kupesi 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 330 km/saatdır. Dinamik imkanları artmış avtomobilin güclü əyləc mexanizmlərinə də ehtiyacı vardır. Atelye mütəxəssisləri ACL2 kupesini əyləc sistemini təkmilləşdirərək karbon-saxsıdan hazırlanmış mexanizmlərlə təchiz etmişlər.
Təbiidir ki, avtomobilin asqı sisteminin idman xarakeristikaları da gücləndirilmişdir. Əlbəttə ki, xüsusi olaraq paslanmayan poladdan hazırlanmış səsboğucu sistemi də unutmaq olmaz.
Avtomobilin interyerinin rəng çalarları onun eksteryerində əksini tapmış çalarlar ilə ahəng təşkil edir. Salonun tərtibatında yaşıl rəngli yeksək kefiyyətli dəridən, qara rəngli zamşadan və karbon işləmələrdən geniş istifadə edilmişdir. Bundan əlavə, qara alüminiumdan hazırlanmış qapı dəstəklərini və cilalnmış poladdan olan pedalları da göstərmək olar.
AC Schnitzer atelyesi yaratmış olduğu bu valehedici avtomobil üçün cəmi-cümlətanı 149 000 avro tələb edir. Bizim fikrimizcə, bu qiyməti ödəməyinə dəyər.