Aparıcı təyyarə istehsalçıları Boeing və Airbus istənilən ölçüdə və istənilən məsafəyə uça bilən sərnişin təyyarəsi istehsalında daima yarışdadırlar. Lakin onların bu mübarizəsi təkcə adi təyyarələrlə məhdudlaşmır. Necə ki, amerikanlar Boeing Business Jet (BBJ) adı altında sərnişin təyyarələrini "uçan evlərə" çevirir, avropalılar da onlara Airbus Corporate Jets (ACJ) adlanan xüsusi seriya ilə cavab verir.

Airbus ACJ layihəsinə 1997-ci ildə başlayıb və ilk təyyarəsi A318-in xüsusi modifikasiyası olub. Hazırda bu seriyaya A318, A319, A320, A321, A319neo, A320neo, A333-200, A330neo, A340-300, A340-500, A340-600, A350 və A380 təyyarələrinin lüks versiyaları daxildir. Biz isə təbii ki, Airbus-ın ən yeni, ən mükəmməl təyyarəsi olan A350-nin daha möhtəşəm versiyasından - ACJ350 XWB-dən bəhs edəcəyik.

Airbus-ın flaqmanı A350 ilk uçuşunu 2013-cü ildə yerinə yetirib. Qatar Airways 2015-ci ildə təyyarənin ilk müştərisi olub. Bazara gec daxil olsa da, ən böyük rəqibi Boeing 777 ilə sifariş sayında mübarizədən qalib ayrılmasına səbəb yeni texnologiyaya, az sərfiyyata, müasir idarəetməyə və yüksək komforta sahib olmasıdır. 777x modelinin gecikməsi də A350-ni zirvədə yalnız qoyub.

Onsuz da kifayət qədər uzun mənzilə sahib olan A350-900 modelinin əsasında daha da uzağa uça bilən variantı - A350-900ULR hazırlanıb. Daha böyük çənlərə sahib olan ULR 18000 km məsafəyə uça bilir. Ən böyük müştərisi Singapore Airlines 2018-ci ilin oktyabr ayında Nyu York-a 17 saat 52 dəqiqəlik fasiləsiz uçuşu məhz bu təyyarə ilə yerinə yetirmişdi.

Airbus A350 tipli təyyarələrdən məhz ULR variantını ACJ layihəsinə daxil edib. Şirkət müştərilərini yüksək komfortlu şəraitdə mümkün qədər uzağa uçurmağı planlaşdırır. Yəni, rahatlıqda sərhəd qoymadığı kimi, məsafələri də sərhədsiz etmək fikrindədirlər. Çənlər daha da böyüdülüb və bunun nəticəsində xüsusi jet 20 557 km uzağa, 22 saat dayanmadan uçmaqla sizi çatdıra bilir.

Həm gövdəsində, həm də salonunda karbon elementlərinə daha çox yer verilməsi təyyarənin çəksinin azaldılması və etibarlılığının artması ilə nəticələnib. Gövdənin 70%-i xüsusi materiallardan (o cümlədən, 53%-i karbondan) hazırlanıb ki, bu da xüsusilə texniki baxış xərclərini xeyli azaldır. Qanadların hava ilə sürtünməsinin azalması da yanacaq sərfiyyatının aşağı düşməsinə kömək edir.

270 kvadrat metrlik ərazi bəxş edən geniş gövdəli ACJ350 25 sərnişin üçün nəzərdə tutulub. Sifarişçilər AMAC Aerospace, Jet Aviation və Lufthansa Technik tərəfindən hazırlanan üç müxtəlif dizayn üslubunun birindən istifadə edə bilərlər. Təbii ki, xüsusi istək və əlavələr də mütləq nəzərə alınır.

Maraqlıdır ki, bu möhtəşəm texnologiyanın ilk müştərisi Almaniya Hava Qüvvələri olacaq. Sözügedən qurumun 2 ədəd A340-300 təyyarəsi var və onları 3 ədəd ACJ350 ilə əvəzləmək niyyətindədirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt