Honda şirkətinin premium avtomobillər istehsal edən Acura bölməsi Detroyt şəhərində baş tutacaq North American International Auto Show (NAIAS) sərgisinə xüsusi hazırlanmış Precision Concept adlı prototiplə qatılmaq niyyətindədir. Bu barədə istehsalçının mətbuat xidməti xəbər verir. Yanvar ayının 12-si tarixində təqdim olunacaq konsept şirkətin Kaliforniyadakı Acura Design Studio mərkəzi tərəfindən işlənib-hazırlanmışdır. Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, Precision Concept «Acura markasının yeni nəsil lüks sedanlarının gələcək dizayn üslubundan xəbər verəcək» görkəmə malik olacaqdır.
Dərc edilmiş tizer avtomobilin görkəmi barədə müəyyən söz söyləməyə imkan verir. Göründüyü kimi, qarşımızda axar xəttlərə, uzun kapota, qiyğacı qabaq fənərlərə, maillik dərəcəsi iti bucaq təşkil edən axra dirəklərə və güclü arxa qanadlara malik olan sedan vardır. Təəssüf ki, yapon istehsalçısı avtomobil haqqında daha geniş məlumat verməkdən imtina etmişdir.
Hal-hazırda Acura Şimali Amerika bazarında ILX, TLX, və RLX modellərini təklif edir ki, təqdim olunacaq konsept də gələcəkdə bu modellərin zahiri və daxili görkəmi barədə təssəvvür yaradacaqdır.