Acura şirkəti ikinci nəsil TLX sedanının PMC Edition adlı xüsusi versiyasını təqdim edib. Yeni Acura TLX PMC Edition nəşri Type S modifikasiyasının əsasında hazırlanıb. Belə sedanlar 360 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki, 10-pilləli “avtomat” və arxa oxda fərdi muftaları olan SH-AWD tam ötürmə sistemi ilə təchiz edilir.

Məhdud saylı tirajla buraxılacaq TLX PMC Edition sedanı qara Berlina Black rənginə boyanmış damı, yan güzgüləri və qapı tutacaqları, habelə karbonplastikdən hazırlanmış spoyleri, diffuzoru və yan ətəkləri ilə seçilir. Daha bir yenilik - əvvəllər Acura modellərində quraşdırılmayan Y-şəkilli milləri olan mis rəngli 20-düymlük təkər diskləridir. Bundan başqa, sedan 255/35 ölçülü Pirelli P Zero şinləri və buraxılış sisteminin qara xromla örtülmüş ucluqları ilə təchiz ediləcəkdir.

Acura TLX PMC Edition sedanları NSX hibrid superkarının istehsal olunduğu yerdə, Ohayo ştatının Mərisville şəhərindəki Performance Manufacturing Center (PMC) müəssisəsində əl ilə yığılacaqlar.

Birinci nəsil TLX PMC Edition sedanları yalnız bir rəngə - Valencia Red Pearl çalarına boyanırdılar. Bu boyada rəngi daha dolğun və təzadlı etmək üçün, nano-piqment texnologiyasından istifadə olunurdu. Bununla belə, ikinci nəsil TLX sedanı üçün üç fərqli rəng təklif edilir. Bunlar əvvəllər yalnız NSX modeli üçün əlçatan olan qırmızı Curva Red, ağ 130R White və göy Long Beach Blue rəngləridir.

Xüsusi nəşrdən olan sedanın interyeri karbon liflindən hazırlanmış örtümələr, “Type S” yazısı olan işıqlandırılmış kandar lövhələri, aşağı hissəsi “kəsilmiş” sükan çarxı və avtombilin seriyadakı sıra nömrəsi olan lövhəcik ilə bəzədiləcəkdir.

İnteryerin rəng sxemi kuzovun rəngindən asılıdır: Curva Red rəngi - qara üzlük və qırmızı tikişlərlə, 130R White - qırmızı üzlüklər, Long Beach Blue rəngi isə, orxideya rəngində üzlük və mavi tikişlərlə uğunlaşdırılır. Tərtibat üçün Milano dərisi və süni Ultrasuede zamşasından istifadə olunur. 

PMC Edition seriyasından olan sedanlar ilin sonuna qədər satışa çıxmalıdırlar. Yapon markası PMC Edition seriyasından olan sedanların qiymətini və tirajını açıqlamayıb. 

Xatırladaq ki, Acura RDX krossoverinin Long Beach Blue rəngli versiyasını - 200, Thermal Orange rəngli versiyasını - 260, MDX krossoverinin Valencia Red rəngli versiyasını - 360, eyni rəngli birinci nəsil TLX sedanını isə 360 nüsxlik tirajla buraxmışdı.   

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.