21 illik fasilədən sonra Integra modeli Acura markasının model xəttinə qayıdır və yenidən ən yığcam və əlaçatan Acura avtomobili olur. Son 10 ildə bu rolu Acura ILX sedanı oynayırdı, lakin köhnə adın qayıtması ilə Integra gənclərə ünvanlanmış drayver avtomobili halına gəlib.
Konsept statusunda olan Acura Integra modeli keçən ilin payızında göstərilib. Bu gün təqdim olunmuş avtomobil isə həmin sarı konsepti təkrarlayır. Amma indi texniki təfərrüatlar peyda olub. Acura Integra on birinici nəsil Honda Civic modelinin önötürməli platformasında inşa edilib. Hətta iki modelin təkər bazası da eynidir – 2736 millimetr.
Əgər Civic sedan və ya qısa hetçbekdirsə, Integra beşqapılı liftbekdir. Yəni, amerikan modeli öz tarixi köklərinə qayıdır: belə form-faktora 1985-1989-cu illər arasında buraxılmış Integra modelinin ilk nəsli malik idi. Lakin o zaman digər kuzov növləri də təklif olunurdu. Modelin bamperlərinə həkk edilmişIntegra yazısı da əvvəlki avtomobildən götürülüb.
Integra başlanğıc Civic modelindən uzun (4719 millimetr) və enlidir (1829 millimetr), lakin ondan 5 millimetr alçaqdır. Disklər dəstinə 17 və ya 18 düymlük disklər daxildirlər, lakin firma aksessuarları arasında 19-düymlük disklər də var. Civic kimi Integra da tamamilə müstəqil asqıya malikdir, lakin liftbekin asıqısı “idman” tənizmləmələri ilə seçilir. Əlavə ödəniş qarşılığında adaptiv amortizatorları da quraşdırmaq olar.
Acura Integra modelinin güc aqreqatı Honda Civic Si modelindən götürülüb. Liftbekin kapotunun altında 203 at qüvvəsi və 260 Nm fırlanma anı hasil edən 1,5-litrlik dördsilindrli turbomühərrik yerləşir. Standart transmissiya qeydə alınmış “pillələri” və sükanaltı dəstəkləri olan variatordur. Digər tərəfdən Integra A-Spec “idman” versiyasını 6-pilləli mexaniki ötürmələr qutusu və yüksək sürtünməli differensial ilə sifariş etmək olar. Hərəkət rejimləri sistemi Comfort, Normal, Sport və Individual rejimlərinə malikdir.
Civic modeli ilə qohumluq əlaqəsi ən çox salonda özünü biruzə verir – Integra modelinin salonu demək olar ki, Civic ilə eynidir. 10,2-düymlük virtual cihazlar paneli, 7 və ya 9 düymlük ekranı olan multimedia sistemi, klimat-kontrolun pultu, hava axınlarının tənzimlənməsi coystiki Civic modelindəkini təkrarlayır. Yalnız ön paneldəki dekorativ örtmələr və tərtibat materialları daha bahalıdırlar.
Acura modelinin baza təchizatı zəngindir: liftbekin təchizatına lyuk, sürücü oturacağının elektrik ötürməsi, yan hava yastıqları və AcuraWatch elektron yardımçılar kompleksi daxildir. Opsiyalar arasında proyeksiya ekranı və 16-dinamikli ELS Studio 3D səs sistemi var. Bu dinamiklərdən ikisi sürücü və ön sərnişinin başı üzərində quraşdırılır.
Yeni liftbek Amerikada istehsalı edilən ilk Integra modeli olacaqdır. Əvvəllər Acura Integra modelləri ABŞ-a Yaponiyadan idxal olunurdu. Yeni Acura modelinin istehsalı Ohayodakı Acura TLX sedanlarının buraxıldığı zavodda həyata keçiriləcəkdir. Modelin ABŞ-dakı satışlarına yazın sonuna qədər başlanmalıdır. Qiymətlər 30 min dollardan başlayır. Xatırladaq ki, Şimali Amerikada Civic modeli 22 min, Civic Si isə 27 min dollardan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.