Acura 1990-cı illərin əfsanəvi Integra Type R modelinə həsr olunmuş xüsusi versiyanı təqdim edib. 2027-ci il Integra Type S Heritage Edition adlanan avtomobildən ABŞ bazarı üçün cəmi 700 ədəd istehsal olunacaq. Onun əsas fərqləndirici xüsusiyyəti 1990-cı illərin sarı rəngli DC2 Integra Type R modelindən ilhamlanan Blazing Phoenix Yellow kuzov rəngidir.
Xüsusi versiya noyabrın 14-də Kaliforniyada keçirilən Super Street After Dark tədbirində nümayiş etdirilib. Avtomobillərin Acura dilerlərinə dekabr ayında çatdırılması planlaşdırılır. Heritage Edition-un başlanğıc qiyməti 58 295 dollar təşkil edir. Bu, adi 2027 Integra Type S-dən 2300 dollar bahadır.
Əlavə ödəniş qarşılığında alıcılar yalnız fərqli dizayn elementləri əldə edirlər. Mühərrik və transmissiyada heç bir dəyişiklik yoxdur. Kapotun altında 320 at gücü və 420 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik yerləşir. Güc ön təkərlərə altı pilləli mexaniki sürət qutusu vasitəsilə ötürülür. Acura bu model üçün avtomatik transmissiya təklif etmir.
Heritage Edition-un digər fərqləndirici cəhətləri arasında mis rəngli örtüyə malik 19-düymlük, 10 milli disklər, qara Type S emblemləri və ötürmələr qutusunun dəstəyinin titandan başlığı var. Sonuncu detal xüsusi olaraq mexaniki transmissiya ilə təchiz edilmiş klassik DC2 Type R modelinə işarə edir.
Adi Integra Type S də yeni 2027-ci model ili üçün yenilənib. Bütün versiyalar qara parlaq disklər, qara yan güzgü korpusları və sarı əyləc supportları ilə təchiz edilir.
Integra Type S Heritage Edition ABŞ-ın Ohayo ştatında istehsal olunacaq. Avtomobilin 2,0-litrlik K20C mühərriki də həmin ştatdakı Honda zavodunda hazırlanır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









