Honda özünün premium Acura bölməsi üçün ciddi-cəhdlə idman imicini təbliğ etməkdədir. Bu günlərdə yapon markasının Amerikadakı model çeşidinə Type S indeksli üçüncü güclü drayver modeli əlavə edilib: Acura TLX Type S sedanına və Acura MDX Type S krossoverinə Acura Integra Type S liftbəki qoşulub. Əgər “böyük” Type S modelləri Honda markasının modellərindən (onların öz V6 turbomühərriki var) fərqlənsələr də, liftbək baqqında bunu demək olmaz.
Əslində, qarşımızda dayanan, yeni “qaynar” Honda Civic Type R modelinin texniki hissəsini almış Acura Integra liftbəkidir. 2,0-litrlik K20C turbomühərrikinin gücü yalnız simvolik olaraq 319-dən 324 at qüvvəsinə (amerikan spesifikasiyasında) qədər artırılıb. Fırlanma anı isə dəyişməyib - 420 Nm. Bununla belə, digər ölkələrdə satılan Civic Type R modelində bu mühərrik 329 at qüvvəsi hasil edir.
Təəccüblüdür ki, hətta Acura modelinin ötürmələr qutusu da Honda hetçbekindəki kimidir: bu, alternativsiz altı pilləli mexaniki transmissiyadır. Bəli, Amerikada mexaniki ötürmələr qutusu olan belə güclü avtomobilləri sevirlər, lakin Acura tərəfindən avtomatik transmissiyadan imtina edilməsi bir qədər qəribə görünür.
Integra və Civic modellərinin digər avadanlıqları da maksimum dərəcədə unifikasiya edilib. Özükilidlənən differensial, adaptiv amortizatorlar, ayrıca dönən düyünləri olan ön McPherson asqısı, çoxqollu arxa asqı, dördporşenli mexanizmləri olan ön Brembo əyləcləri - bütün bunlar Honda modelindən götürülüb. Hətta iki güclü beşqapılının genişləndirilmiş təkər izi də eynidir: öndə 1626, arxada isə 1613 millimetr. Üstəlik, 265/30 R19 ölçülü Michelin Pilot Sport 4S şinləri də hər iki avtomobil üçün eynidir.
Type S versiyası adi Integra modelindən kuzovun yenidən işlənmiş ön hissəsi ilə fərqlənir: burada genişləndirilmiş orijinal ön qanadlar, böyük hava kanalı olan alüminium kapot və genişləndirilmiş hava girişləri olan yeni bamper var. Ancaq arxa qanadlar standartdırlar, lakin onlar təkər tağlarının plastik genişləndiriciləri ilə tamamlanıblar. Avtomobilin ümumi eni 70 millimetr artaraq 1900 millimetrə çatıb. Arxada - böyük diffuzoru olan orijinal bamper var, lakin buraxılış sisteminin üç çıxış borusu da demək olar ki, Civic Type R modelindəki kimidir.
Acura qohum Honda modelindən əlavə təchizatı ilə fərqlənir. Integra Type S modelinin avadanlıq siyahısında proyeksiya ekranı, elektriklə tənizmlənən sürücü oturacağı, oturacaqların kombinəli üzlənməsi və on altı dinamikli qabaqcıl ELS Studio 3D səs sistemi var. Beləliklə, Integra Type S oxşar Civic Type R modelindən 14 kiloqram ağır olub: 1460 kiloqram. Eyni zamanda, hər iki modelin arxa cərgəsi yalnız iki sərnişin üçün nəzərdə tutulub.
Təəssüf ki, Acura “qaynar” liftbəkin dinamik xüsusiyyətlərini açılamayıb. Amerikada bu parametrlər hətta Civic üçün də dərc edilməyıb, lakin oriyentir kimi, avtomobilin Avropa versiyasının xüsusiyyətlərini qəbul etmək olar: 100 km/saata 5,4 saniyəyə sürətlənmə və 275 km/saatlıq maksimal sürət. Acura Integra Type S liftbəki Amerikada istehsal olunacaq, onun yerli bazardakı satışlarına isə iyunda start verilməlidir. Qiymət hələ açıqlanmayıb, lakin Acura ABŞ-da 43.000 dollardan başlayan qiymətlərlə satılan oxşar Honda modelindən bir qədər baha olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.