Acura markası ikinci nəsil NSX superkarının "vida" versiyasını təqdim edib. Acura NSX Type S adlandırılmış kupe 350 nüsxəlik tirajla buraxılacaqdır. Avtomobillərdən 300 ədədi ABŞ-da, 30 ədədi Yaponiyada, qalan 20 ədədi isə digər ölkələrdə satılacaqdır.
İkinci nəsil NSX kupesi 2016-cı ildən bəri Ohayodakı zavodda istehsal olunur. Lakin yapon istehsalçısı 2021-ci ilin dekabrında superkarın istehsalına son vermək qərarına gəlib və xüsusi Type S indeksli “vida” versiyasını hazırlayıb.
Acura NSX Type S modeli yarış NSX GT3 Evo modelindən götürülmüş 16,1 psi (əvvəllər 15,2 psi) təzyiqi olan yeni kompressorları, daha səmərəli yanacaq püskürdənləri və daha böyük interkulerləri alıb: təkmilləşdirmələr nəticəsində 3,5-litrlik V6 mühərrikinin gücü 507-dən 527 at qüvvəsinə, fırlanma anı isə 550-dən 600 Nm-ə qədər yüksəlib.
Bundan başqa, istifadə olunan batareya tutumu (+ 20%) və onun verdiyi güc (+ 10%) artıb. Ön oxdakı iki elektrik mühərrikinin ötürmə nisbəti 10.382: 1-dən 8.050: 1-ə endirilib.Bunun sayəsində yerindən start zamanı əlçatan olan fırlanma anı artıb ki, bu da NSX Type S modelini daha yeyin sürətlənmə ilə təmin edib.
Bütün dəyişikliklərdən sonra, hibrid güc qurğusunun ümumi hasilatı 608 at qüvvəsi və 667 Nm fırlanma anı təşkil edir. Adi NSX superkarının güc qurğusunun hasilatı 581 at qüvvəsi və 644 Nm fırlanma anıdır.
Əlavə olaraq, Type S modifikasiyası yenidən tənzimlənmiş doqquz pilləli DCT "robotunu" əldə edib: indi yuxarı pilləyə keçidlər 50% daha sürətli həyata keçirilir. Bundan başqa, transmissiyanın sükanaltı dəstəyinə 0,6 saniyə müddətinə basaraq, bir neçə pillə aşağı enməyə imkan verən aqressiv Rapid Downshift rejimi peyda olub.
Yenilənmə Sport Hybrid SH-AWD tam ötürməsi üçün də təsirsiz ötüşməyib: sistem dartma vektorunu daha dəqiq tənzimləyir ki, bu da döngələri keçmə sürətini yaxşılaşdırır.
Acura şirkəti NSX Type S modelinin dinamik xüsusiyyətlərini açıqlamır, lakin Pirelli P-Zero şinləri ilə təchiz edilmiş Type S modelinin Yaponiyadakı Suzuka trekini standart NSX modelindən iki dəqiqə yeyin keçdiyini bildirib.
Flaqman idman avtomobilinin "vida" versiyasının qiyməti 169,5 min dollardan başlayır. Opsional olaraq, tərkibinə Brembo karbon-saxsı əyləclərini, karbondan mühərrik qapağını və interyerin karbon dekorunu (belə bir NSX 26,2 kiloqram daha azdır) ehtiva edən Lightweight dəstini sifariş etmək olar. Bu dəstin qiyməti 13 min dollardır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.