Acura şirkəti Type S adlı konseptin ilk tizerini yayıb. Dərc edilmiş videoçarxdan göründüyü kimi, söhbət qısa ön və arxa kuzov çıxıntılarına, həmçinin aqressiv görkəmə malik olan sedandan gedir. İlkin məlumata görə, tizerdəki avtomobil Acura TLX sedanının növbəti nəslinə və Type S idman xəttinin bərpasına işarə edir.
Acura TLX modelinin nəsil dəyişikliyi ilə birlikdə «qaynar» Type S versiyasına malik olacağı barədə söz-söhbətlər üç il bundan öncə peyda olub. O zaman, Acura brendinin sahibi olan Honda şirkəti «TLX Type S» əmtəə nişanını qeydə almışdı. Böyük ehtimalla, Type S seriyasından olan TLX sedanı adi modeldən aqressiv xarici görünüşü ilə yanaşı, güclü mühərriki və idman tənzimləmələrinə malik olan şassisi ilə seçiləcəkdir.
Acura Type S konseptinə gəldikdə isə, onun haqqında heç bir məlumat verilməyib. Çox güman ki, konsept 15 avqustda Monterey Car Week tədbirində debüt edəcəkdir.