Honda şirkətinin premium avtomobillər istehsal edən bölməsi olan Acura yenilənmiş MDX krossoverinin ilk tizerini dərc etmişdir. Yenilənmiş avtomobilin kütləvi nümayişi mart ayının sonlarında keçiriləcək Nyu-York avtomobil sərgisində baş tutacaqdır. Yapon istehsalçısının bildirdiyinə görə, krossoverin dizaynı «ciddi dəyişikliklərə» məruz qalacaq və avtomobil daha «komfortlu» olacaqdır. Bundan əlavə, şirkət nümayəndələri yenilənmiş krossoverin yeni mühərriklə də təchiz ediləcəyini diqqətə çatdırmışdırlar. Çox güman ki, MDX modeli hibrid güc aqreqatı ilə də təchiz ediləcəkdir.
Sonuncu dəfə Acura MDX modeli bir il bundan qabaq, dəqiq desək, 2015-ci ilin fevralında yenilənmişdir. O zaman krossover altı pilləli avtomatik sürətlər qutusunun əvəzi olaraq doqquz diapazonlu «avtomatla» təchiz edilmişdir. Bundan başqa, SH-AWD tam çəkiş sistemi də təkmilləşdirilmişdir. Acura MDX modeli 290 at qüvvəsi və 355 Nm fırlanma anı olan 3,5-litrlik altı silindirli mühərriklə hərəkətə gəlir. Krossover yerindən 100 km/saat həddinə 7,6 saniyəyə sürətlənir və 220 km/saat maksimal sürətə malikdir.