Acura brendinin elektromobil sahəsindəki ilk təcrübəsi o qədər də uğurlu alınmayıb: satışın ilk on iki ayı ərzində (2024-cü ilin iyunundan 2025-ci ilin mayına kimi) GM platformasında inşa olunmuş Acura ZDX krossoveri 16 min nüsxədə satılıb. Buna baxmayaraq, yapon markası ikinci batareyalı modeli hazırlayıb və bu dəfə yaponlar tamamilə öz işləmələrindən istifadə ediblər. Bu günlərdə Acura RSX krossoveri seriyaöncəsi formada, yəni interyer göstərilmədən və texniki detallar açıqlanmadan təqdim olunub.

RSX indeksi keçmişdən götürülüb: 2001 - 2006-cı illər arasında bu ad altında Honda Civic modelinə əsaslanan yığcam kupe buraxılıb. Yeni Acura RSX isə, sürücüyönümlü xarakterə iddialı olan böyük kupeşəkilli krossoverdir. Köpəkbalığı burnu, hamar kuzov cizgiləri, “batırılmış” qapı tutacaqları, ördək quyruğu formasına spoyleri gələcək seriya elektromobilində də görmək mümkün olacaq. Yalnız 21-düymlük təkər diskləri yerini daha təvazökar varianta verə bilər.

Acura RSX, Honda şirkətinin 2024-cü ilin əvvəlində bəyan etdiyi Honda 0 modul elektrik platformasında inşa edilmiş ilk seriya modeli olacaq. İki mühərriklə təmin edilən tam ötürmə, ikiqat qollara malik olan ön asqı və güclü Brembo əyləcləri də bəyan edilib. Üstəlik, Honda şirkətinin insanabənzər robotu Asimo’nun adını daşıyan Asimo OS əməliyyat sistemi də quraşdırılacaq. Xatırladaq ki, adı çəkilən robot uzun müddətdir şirkətin elektronika sahəsində uğurunu təcəssüm etdirir. Yeni əməliyyat sistemi süni intellektə (Helm.ai ilə birgə hazırlanıb) və öz-özünə öyrənmə qabiliyyətinə malik olacaq.
Acura RSX krossoverinin seriya versiyasının debütü 2026-cı ilin ikinci yarısına planlaşdırılıb, baxmayaraq ki, Honda bundan əvvəl 2026-cı ilin əvvəlində “sıfır” platformada avtomobillərin istehsalına başlayacağını bildirmişdi. RSX modeli Honda şirkətinin Ohayodakı zavodunda istehsal ediləcək (hazırda burada Acura Integra və Honda Accord modelləri istehsal olunurlar). Eyni zamanda, elektromobillər onları əvəzləməcək, əksinə hazırkı istehsal proqramını genişləndirəcəklər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.