Acura dördüncü nəsil MDX krossoverinə olan marağı artırmağa davam edir. Bu dəfə marka yeni modelin təqdim ediləcək tarixi açıqlayıb. Eyni zamanda, seriya krossoverinin. ilk görüntüsü də nümayiş etdirilib.
Xatırladaq ki, bir müddət bundan əvvəl, Acura markası dördüncü nəsil MDX krossoverinin carçısını nümyaiş etdirib. Prototip statusunda olan krossover seriya avtomobilinə olduqca yaxındır. Acura RLX sedanından imtina edildikdən sonra krossover yapon markasının flaqmanına çevriləcəkdir. Bu, istehsalçının krossoveri marka tarixindəki ən dəbdəbəli, texnologiyalı və dinamik krossoverə çevirmək istəyini izah edir.
Gözlənildiyi kimi, Acura MDX modeli platformasını dəyişdirib. Öndə ikiqollu asqısı olan platformadan yeni Acura TLX modelində də istifadə edilir. Krossover daha alçaq və daha geniş olub, eyni zamanda, onun təkər bazası 76 millimetr artaraq 2896 millimetrə bərabər olub. Uzun kapot, ön şüşədən ğn oxa qədər 152 millimetr artırılmış “prestij məsafəsi” və arxaya çəkilmiş salon sayəsində krosoverin ümumi silueti daha dinamik hala gəlib.
Bununla yanaşı, krossoverin ön hissəsində üçölçülü naxışa malik olan Diamond Pentagon radiator barmaqlığı yerləşir. Dördelementli JewelEye LED fənərləri daha nazik olublar. Ön bamperdə yan havalandırma kəsikləri oeyda olub, duman işıqları isə onların altında yerləşdirilib.
Krossoverin arxa hissəsinin dizaynı o qədər də cazibədar deyil, buna görə də, istehsalçı onların qrafikasının ön fənərlərin naxışlarını təkrar etdiyindən danışır. Krossover 21-düymlük təkər diskləri ilə təchiz edilib.
Dördüncü nəsil Acura MDX modelinin salonu daha çox dəyişib. Arxitektura baxımından salon Acura TLX modelindəkinə bənzəyir, ancaq onun özünəməxsus cəhətləri mövcuddur. Məsələn, krossover 12,3-düymlük Acura Precision Cockpit rəqəmsal cihazlar paneli və mərkəzi konsolundakı taçpadın köməkliyi ilə idarə olunan eyni ölçülü displeyi olan multimedia sistemi ilə təchiz edilir.
Əlavə olaraq, prototip 25 dinamiki olan (konus formalı karbondan hazırlanmış CFRP subvuferi də daxil olmaqla) 1000 vattlıq ELS Studio 3D Signature Edition səs sistemi və mövcud 27 rəng seçimi olan Iconic Drive ətraf işıqlandırması ilə təchiz edilib.
MDX modelinin salon tərtibatında metal hopdurulmuş açıq məsaməli ağac dekordan, cilalanmış alüminium və korrektə edilmiş ön səthi olan Milano dərisindən istifadə edilib. Krossover daha inkişaf etdirilmiş profilə, 16 istiqamətdə tənzimləmələrə, doqquz masaj rejiminə, "qradiyent perforasiyasına" və fransız tikişlərinə sahib olan yeni idman oturacaqlarını və nəhəng panoram damı əldə edəcəkdir.
Texnologiyaya gəlincə, gözləntilərin yalnız yarısı təmin edilib. Yeni MDX Type S versiyası 360 at qüvvəsi və 480 Nm fırlanma anı ihasil edən birbaşa çiləməli 3,0-litrlik V6 mühərrikini alacaqdır. Baza mühərriki əvvəlki kimi 3,5-litrlik V6 aqreqatı olacaqdır.
Hər iki aqreqat 10-pilləli “avtomat” və dördüncü nəsil Super Handling All-Wheel Drive (SH-AWD) tam ötürmə sistemi ilə (V6 avtomobilləri üçün opsiyadır) tandemdə çalışacaqdır. Əyləcləməyə fil sümüyü rəngində supportları olan dörd porşenli Brembo mexanizmləri cavabdeh olacaqdır.
Dördüncü nəsil Acura MDX-in rəsmi təqdimatı 8 dekabr tarixində keçiriləcəkdir. Yeni krossover yalnız gələn il satışa çıxarılacaqdır. Acura MDX Type S modelinin satışlarına isə 2021-ci ilin yayında başlanacaqdır.
Yeni Acura MDX modelinin istehsalı ABŞ-ın Ohayo ştatındakı East Liberty zavodunda təşkil ediləcəkdir. Mühərriklər NSX modelinin hibrid güc aqreqatlarının istehsal olunduğu Anna meydançasında yığılacaqdırlar.