Müasir avtomobillərdə ənənəvi düymə və fiziki idarəetmə elementlərinin yerini sensorlu ekranlar və menyular tutur. Bu isə sürücünün diqqətini yoldan yayındıra bilər. Almaniyanın ADAC avtomobil klubunun yeni araşdırması səsli idarəetmə sistemlərinin bu problemi nə dərəcədə həll etdyini göstərib.

ADAC 40 müxtəlif avtomobil modelini sınaqdan keçirib. Test zamanı avtomobillərə üç əsas kateqoriyada səsli komandalar verilib: multimedia sisteminin idarə olunması, klimat-kontrolun parametrlərinin dəyişdirilməsi, habelə təhlükəsizliklə bağlı funksiyaların aktivləşdirilməsi və ya söndürülməsi.

Test iştirakçılarından 16-sı ümumi nəticədə “yaxşı” qiymət alıb. Ən uğurlu nəticəni BMW 5 Series göstərib. Modelə verilən 18 komandadan 16-sı uğurla yerinə yetirilib. Suzuki e-Vitara isə cəmi üç komandaya düzgün reaksiya verərək “qeyri-kafi” nəticə göstərib.

BMW 5 Series

Dacia modellərində də müəyyən məhdudiyyətlər aşkarlanıb. Sükan üzərindəki səsli idarəetmə düyməsi yalnız qoşulmuş smartfonu idarə edir və avtomobilin öz funksiyalarına çıxış vermir. Rumın markasının daxil olduğu fransız konserninin Renault modellərində isə oxşar düymə vasitəsilə avtomobilin funksiyalarını da səsli şəkildə idarə etmək mümkündür.

Səsli idarəetmə sistemləri ən yaxşı nəticəni multimedia sisteminin funksiyalarında göstəriblər. Naviqasiyada ünvanın daxil edilməsi və radionun idarə olunması kimi funksiyaları əhatə edən bu kateqoriyada 40 avtomobildən 35-i “yaxşı” və ya “çox yaxşı” qiymət alıb.

Klimat-kontrol üzrə nəticələr də nisbətən yüksək olub. Salon temperaturunun dəyişdirilməsi kimi funksiyaların yoxlanıldığı bu kateqoriyada 26 avtomobil ən azı “yaxşı” qiymətləndirilib.

Suzuki e-Vitara

Əsas problem isə təhlükəsizlik və sürücüyə yardım funksiyalarında ortaya çıxıb. Məsələn, qəza işıqları və sürət xəbərdarlığı kimi funksiyaların səs komandaları ilə idarə edilməsi əksər avtomobillərdə mümkün olmayıb. Bu kateqoriyada 32 model “qeyri-kafi” nəticə alıb.

ADAC hesab edir ki, səsli köməkçilər gündəlik istifadə zamanı faydalı ola bilər, lakin onlar fiziki idarəetmə elementlərini tam əvəz edə bilməz. Xüsusilə təhlükəsizlik baxımından vacib funksiyalarda sürücünün birbaşa və sürətli müdaxiləsi tələb olunduğundan, fiziki düymələrin əhəmiyyəti qalır.

Beləliklə, araşdırmanın nəticələrinə görə, səsli idarəetmənin ən böyük üstünlüyü multimedia funksiyalarında üzə çıxır. Xüsusilə naviqasiya sistemində uzun ünvanların daxil edilməsi kimi mürəkkəb əməliyyatlarda səsli komanda sürücünün işini xeyli asanlaşdıra bilər.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.