Aehra avtomobil sənayesində yeni bir ad olsa da, onun Çinlə yaxəndan-uzaqdan heç bir əlaqəsi yoxdur. Aehra şirkəti barədə məlumat ilk dəfə keçən ilin yayında peyda olub. Şirkət iş adamları Hazim Nada (baş direktor) və Sandro Andreotti (əməliyyat direktoru) tərəfindən təsis edilib. Onun mənzil - gərargahı Milanda yerləşir, lakin startapın investorları əsasən Amerikadandırlar. Aehra şirkətinin rəhbərliyində Ferrari və Genesis şirkətlərindən gələn mütəxəssislər də var.

Yeni yaradılan şirkət ultra-premium seqmentindən olan elektrik avtomobillərini istehsal edəcəkdir. Üstəlik, Aehra şirkəti “avtomobil dizaynının qaydalarını yenidən yazmaq” niyyətindədir. Bunun üçün Lamborghini şirkətinin keçmiş baş dizayneri Filippo Perini də dəvət edilib. Bu niyyətin bariz nümunəsi kimi, Milanda təqdimatı keçirilmiş Aehra SUV krossoverini göstərmək olar.

Bu elektromobilin nisbətləri həqiqətən də qeyri-adidir: salon mümkün qədər irəli çəkilib, burun çox qısa alınıb, ön şüşənin dayaqlarının əsasları isə, bir çox minivenlərdə olduğu kimi, ön təkər oxunun qarşısında yerləşir. Bu, çox böyük avtomobildir: krossoverin uzunluğu təqribən 5,1 metr, eni - təxminən iki metr, hündürlüyü isə 1,64 metrdir.Oxlar arasındakı məsafə - üç metrdir.

Krossoverin yaradıcıları əla aerodinamik xüsusiyyətləri vəd ediblər. Dörd qapının hər biri böcəyin qanad qapağı kimi yuxarı qalxır. Təkər diskləri öndə 23, arxada isə 24 düymlükdürlər. Dörd ayrı oturacaq olan salon hələlik hazır deyil – şirkət nümayəndələri bir neçə aya onun üzərindəki sirr pərdəsini götürəcəklərini bildiribrlər. Buna görə də, təqdimat zamanı krossover tündləşdirilmiş şüşələrlə nümayiş etdirilib.

Texniki məlumatlar hələlik təxminidir. İki tona qədər ağırlığa malik olan Aehra SUV modeli 750-820 at qüvvəsi hasil edən üç elektrik mühərriki ilə təchiz edilib. 120 kilovat/saatlıq dartma batareyasının enerjisi 800 kilometrlik yürüyüş üçün kifayət etməlidir. Krossoverin maksimal sürəti 265 km/saat həddində məhdudlaşdırılıb. Aehra SUV modelinin qiyməti 160-180 min dollar arasında olmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Sedan da hazırlanır - onun gələn ilin fevralında təqdim ediləcəyi bildirilib. Amma Aehra elektromobilinin seriya istehsalına 2025-ci ildə başlanmalıdır. Gələcək zavodun yerinin müəyyən edilmədiyinə belə baxmayaraq, şirkət ildə 25 min avtomobil istehsal etməyi planlaşdırır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.