Aprelin əvvəlində anons edilmiş Dongfeng Aeolus Haoji krossoveri üzərindəki məxfilik tamamilə götürülüb və o, konveyerə çıxmaq üzrədir. Üstəlik, o, hər hansı bir modelin əvəzi deyil, ÇXR bazarında Dongfeng konserni üçün vacib olan Aeolus subbrendinin model xəttindəki yeni döyüş vahididir. Rütbələr cədvəlində Haoji krossoveri Aeolus AX7 modelindən yarım pillə yuxarıda yerləşir.
Ölçüsünə görə, Haoji modeli bizə yaxşı tanış olan Haval F7 və ya Mitsubishi Outlander krossoverlərinin sinif yoldaşıdır: onun uzunluğu 4720 millimetr, eni - 1910 millimetr, hündürlüyü isə, 1702 millimetrdir. Bütün işıqlandırma texnikası işıqdiodlardan hazırlanıb, 17-19 düymlük təkər disklərindən seçim təklif olunur, kuzovun xrom və ya qara dekorla tərtibat variantları var.
Krossover rəsmi olaraq Stellantis ittifaqının CMP platformasının əsasında hazırlanmış DSMA (Dongfeng Superior Modular Architecture) modul platformasında inşa edilib. Keçən il bu platformada inşa edilmiş ilk model Aeolus Yixuan Max sedanı olub və krossover üçün təkər bazası 2770-dən 2825 millimetrə qədər artırılıb. Ötürmə yalnız ön oxa olsa da, Haoji müstəqil arxa asqıya malikdir.
Salonda müasir avtomobillər üçün xarakterik olan vahid şüşə panelin altında yerləşən iki ekran var, buna baxmayaraq, dizaynerlər onları səliqəli şəkildə ön panelin cizgilərinə uyğunlaşdırmağa çalışıblar. Klimat-kontrol sensorlu düymələri və aparat açarları olan ayrıca pulta malikdir.
Haoji beş oturacaqlı salon ilə təklif edilir, top versiyada nappa dərisi ilə üzlənmiş oturacaqlar var, üstəlik, ön sərnişin oturacağı qatlanan ayaqaltı ilə təchiz edilir. Opsiyalar arasında elektriklə tənzimlənən və havalandırılan ön oturacaqlar, panoram dam və dairəvi müşahidə kameraları var.
Aeolus Haoji benzin və hibrid versiyalarda təklif edilir. Birinci halda, 1,5-litrlik “turbodördlük” 204 at qüvvəsi (305 Nm) hasil edir və iki yaş muftası olan yeddi pilləli “robot” ilə birlikdə çalışır. Belə krossoverin maksimal sürəti 190 km/saatdır.
Eyni mühərrik hibrid versiyada da quraşdırılıb, lakin o, Atkinson qənaət dövrünə keçirilib, buna görə də onun gücü 177 at qüvvəsinə (240 Nm) qədər azaldılıb. Ötürmələr qutusunun əvəzinə, demək olar ki, Toyota hibridlərindəkinə bənzəyən elektromexaniki variator var.
Bununla belə, Dongfeng Corporation transmissiya təchizatçısının adını açıqlamayıb. Elektrik mühərriki ilə birlikdə maksimal güc 245 at qüvvəsinə, fırlanma anı isə 540 Nm-ə çatır.
Lakin litium-ion dartma batareyası kiçik ölçülərə malikdir (tutumu açıqlanmayıb). O, baqaj döşəməsinin altında quraşdırılıb və elektrik rozetkasına qoşulmaq imkanına malik deyil. Beləliklə, krossover sırf elektrik ötürməsi ilə aşağı sürətlə (40 km/saata qədər) və qısa müddət ərzində hərəkət edə bilər. Hibridin maksimal sürəti isə, benzin versiyasından da azdır: cəmi 170 km/saat. Ancaq yanacaq sərfiyyatı daha az olmalıdır.
Dongfeng Aeolus Haoji krossoveri yayın sonuna kimi satışa çıxmalıdır. Qiymətlər hələlik açıqlanmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.