Britaniyadan olan Kahn Design tüninq atelyesinin rəhbəri Afzal Kan satışa üzərində “F1” simvolu olan nömrə nişanını satışa çıxarıb. O, bu nömrəni 14,4 milyon funt-sterlinqə satmaq fikrindədir. Satış haqqında elan RegTransfers saytında yerləşdirilib.
Kan nömrə nişanına 2008-ci ildə sahib olub. O, bu nömrəni almaq üçün 440 min funt-sterlinq ödəyib. O zaman nömrə nişanı Esseks qraflığının şurasına məxsusmuş və onun sədrinin Volvo S80 avtomobilində quraşdırılıbmış. “F1” nömrəsindən Böyük Britaniyada 109 ildir ki istifadə olunur – Birləşmiş krallıqdakı ilk avtomobil məhz bu nömrə ilə qeydə alınıb.
Hazırda Kan bu nömrədən Bugatti Veyron Super Sport Carbon Edition hiperkarında istifadə edir. 2014-cü ildə nömrə üçün ona 8,5 milyon funt təklif edilsə də, iş adamı nömrəni satmayıb. Böyük Britaniyada nömrəyə ödənilmiş məbləğə görə rekord 518480 funt-sterlinqdir. Bu məbləğ Ferrari 250 GT SWB klassik sportkarında quraşdırılmış “25 O” nömrə nişanına görə ödənilib.