Fransa hökuməti ölkədə aviasiyaya dəstək məqsədi ilə 15 milyard avro ayırıb. Bu məbləğdən ən böyük pay təbii ki, bayraqdar aviaşirkət Air France və dünyanın ən böyük təyyarə istehsalçılarından olan Airbus-a düşəcək. Lakin hökumət Airbus-ın qarşısına bəzi şərtlər qoyub.
Bundan sonra aviasiya və kosmik sənayeyə daha çox sərmayə qoyulmalıdır. Airbus-ın əsas vəzifəsi isə, dünyanın ən çox satılan, ən uğurlu təyyarələrindən olan A320neo ailəsinin daha az yanacaq sərf edən versiyasının hazırlanmasıdır. Bu təyyarələrin "təbiət dostu" olması, indiki modeldən 30% daha az yanacağa ehtiyac duyması və yalnız bioyanacaqdan istifadə etməsi gözlənilir.
Bunun davamında isə havanı kirlətməyən hidrogen əsaslı yanacaqlara keçid gözlənilir. İlk prototipin 2026-2028-ci illərdə tamamlanması, 2035-ci ilə qədər isə yenilənmiş modelin seriyalı istehsalı planlaşdırılır. Airbus onsuz da, bir müddətdir ki, A320neo ailəsinə mənsub təyyarələrin gələcəyini planlaşdırır.

Fransızların planında qısa məsafəli uçuşlar üçün nəzərdə tutulan hibrid təyyarə istehsalı da var. ATR şirkətinin istehsal etdiyi turboprop təyyarələrin xələfi olması gözlənilən bu model də 2030-cu ilə qədər hazır olmalıdır. Hökumətin tələbləri arasında Airbus-ın H125 helikopterini əvəzləyəcək yeni hibrid helikopter, biznes cet və və yüksək performans sərgiləyə bilən Pilotsuz Uçuş Aparatı (PUA) hazırlaması da var.
Fransada avia və kosmik sahədə fərqlənən şirkətlər arasında Airbus-la yanaşı, Dassault, Safran, Thales kimi qurumlar var. Fransızlar hər iki sahədə dünyanın vahid liderinə çevrilməkdə qərarlıdırlar...