Nəhəng təyyarə istehsalçısı 2 il davam edən və əsasən A350-1000 ilə yerinə yetirilən test proqramının ardından ATTOL (Autonomous Taxi, Take-Off & Landing) layihəsini uğurla tamamlayıb.
Airbus daxili görüntü tanıma texnologiyasından istifadə edərək aviasiya tarixində ilk dəfə təyyarənin qalxış və eniş proseslərini tamamilə avtomatik rejimdə yerinə yetirə bilib. Şirkət bunun üçün indiyə qədər nə az, nə çox, düz 500 uçuş reallaşdırıb. Bunlardan 450-si videoməlumatların toplanması, alqoritmlərin dəstəklənməsi və xüsusi sazlanmalar üçün icra edilib.
Hər birində 5 qalxış, 5 eniş əməliyyatı olan 6 uçuş seriyası isə təyyarənin havadakı performans və reaksiyalarını yoxlamaq üçün yerinə yetirilib. Airbus bu istiqamətdə işləri davam etdirəcəyini bildirib. Gələcək təyyarələrdə standart təchizata daxil edilməsi gözlənilən bu texnologiyanın pilotların üzərinə düşən yükü azaldacağı və insan faktoru səbəbindən yarana biləcək səhvləri minimuma endirəcəyi gözlənilir.