Aston Martin və Airbus Corporate Helicopters (ACH) şirkətləri, yanvar ayının 3-də Kruşeveldə (Fransa) ilk birgə layihələri olan ACH130 helikopterinin Aston Martin Edition adlı xüsusi versiyasını təqdim ediblər.
Aston Martin şirkətinin dizaynerlərinin Airbus Corporate Helicopters şirkətindəki həmkarları ilə əməkdaşlığı onlar üçün ilk belə təcrübə olub. ACH130 Aston Martin Edition helikopterinin dizayn üslubunun hazırlanmasına bir ildən çox vaxt sərf edilsə də, tərəflər nəticədən çox məmnun qalıblar.
Aston Martin emblemini daşıyan helikopteri üçün dörd variantda livreya və onlara uyğun olan salon tərtibatı təklif olunur. İlk nüsxəni kabinənin aşağı hissəsində qara Jet Black rənginə keçən Stirling Green çalarına, mühərrikin qapaqlarını isə Skyfall Silver rənginə boyayıblar. Təklif edilən digər rənglər - boz Xenon Grey, bürünc Arizona və göy çalara malik olan qara Ultramarine Black rəngidir. Salon tərtibatında Oxford Tan, Pure Black, Cormorant və ya Ivory dəriləri ilə uyğunlaşdırılan qara mikrofiberədən istifadə olunur.
Tərtibat materialları Aston Martin avtomobillərində istifadə edilənlər ilə eynidir. Ön oturacaqların arxasına DB11 modelində rast gəlinən dekorativ perforasiya vurulub. Qapılar qara dəri ilə işlənmiş, kabinənin müxtəlif yerlərində Aston Martin şirkətinin qanadlı emblemi şəklində basmanaxışlar vurulmuşdur. Cihazlar panelində tərəfdaşların loqotipləri, helikopterin seriya nömrəsi, habelə sahibinin adı (tələb olunarsa) həkk edilir.
Tərəfdaşlar ACH130 Aston Martin Edition helikopterinin qiymətini tələb olunduğu halda təqdim etməyə hazırdırlar. Airbus və Aston Martin şirkətləri arasındakı müqavilə üç il müddətinə hesablanıb və 15 ədədə qədər helikopterin satışını nəzərdə tutur. Yanvarın sonlarında helikopter növbəti Heli-Expo sərgisinin keçirildiyi Amerikanın Anaheym şəhərinə yollanıb. Helikopterlərin müştərilərə çatdırılmasına 2020-ci ilin I rübündə başlanmalıdır.
Qeyd etmək gərəkdir ki, Airbus şirkəti, helikopterlər (ACH markası) və təyyarələr (Airbus Corporate Jets) seqmentində özəl və işgüzar aviasiya üçün xüsusi həllər təklif edən yeganə aviaistehsalçısıdır.