Şanxayda yerləşən Aiways şirkəti SAIC və Volvo şirkətinin Çin bölməsinin keçmiş yüksək vəzifəli rəhbərləri tərəfindən yaradılıb. 2017-ci ildə özəl sərmayədarların vəsaiti ilə qurulan şirkətin baş mühəndisi vəzifəsinə əvvəllər Audi şirkətində işlmiş, sonradan özünün Gumpert Apollo superkarını yaratmış alman Roland Gumpert təyin edilmişdi. 2018-ci ildə isə, startap 4,7 metr uzunluğu olan Aiways U5 seriyaöncəsi elektrik krossoveri nümayiş etdirmişdi.
Şirkət seriya istehsala yalnız 2020-ci ilin yayında başlamağa müvəffəq olub. Lakin Çin markasının avtomobillərinə olan tələbat hələ də çox azdır. Məsələn, keçən ilin ikinci yarısında Çində 2600, Avropada isə 550 ədəd U5 modeli satılıb. 2021-ci ilin birinci rübünün nəticələrinə görə isə, Çində 1500, Avropada 69 avtomobil sahibini tapıb. Bununla belə, şirkət təslim olmaq fikrində deyil və carçısı keçən il nümayiş etdirilmiş U6 Ion konsepti olan ikinci modeli buraxmağa hazırlaşır.
Kupeyə bənzər Aiways U6 krossoveri maili damı olan U5 modeli deyil. Texniki cəhətdən onlar eyni olsalar da, Aiways U6 fərqli dizayna və interyerə sahibdir. Kross-kupenin bütün işıq cihazları orijinaldır, avtomobil inkişaf etdirilmiş aerodinamik kuzov dəstinə sahib olub (təkər tağlarındakı “stabilizatorlar” da daxil olmaqla) və sahəsi 2,1 kvadrat metr olan şüşə dama malikdir.
Ön panel konsepsiyasına yenidən baxılıb. Aiways U5 modelində üç orta ölçülü ekran olsa da, U6 modelində yalnız iki displey mövcuddur və buradakı cihazlar paneli olduqca sadədir - displeydə yalnız ən vacib məlumat əks olunur. Mərkəzdə 14,6 düymlük iri planşet yerləşir. Sükan artıq iki qolludur, transmissiyanın rejimlərinin dəyişdirilməsinə iri “aviasiya” dəstəyi cavabdehdir. Nəhayət, iqlimə nəzarət sisteminin sensorlu düymələri mərkəzi tuneldə yerləşdiriliblər.
Aiways U6 modeli 190 at qüvvəsi və 315 Nm fırlanma anına malik olan yeganə elektrik mühərriki və alternativsiz ön ötürmə ilə təklif olunur. Şirkətin tam ötürməli nəqliyyat vasitələri hələ də perspektivli hesab olunurlar. U6 modeli 100 km/saat həddinə 7.6 saniyəyə sürətlənir. Elektrokarı 53 və ya 63 kilovat-saatlıq dartma batareyası ilə sifariş etmək olar. NEDC dövrünə əsasən U6 modelinin yürüş ehtiyatı, müvafiq olaraq, 400 və ya 500 kilometrdir. Sonradan 650 kilometrlik yürüş məsafəsi olan üçüncü variantın buraxılacağı gözlənilir.
Aiways U6 cari ilin sonuna qədər satışa çıxarılacaqdır. Qiymətlər baxımından Çində 26 - 39 min dollar arasında qiymətə satılan U5 modelinə diqqət yetirmək gərəkdir. Aiways şirkəti gələcəkdə üç oturacaq cərgəsi olan böyük krossoveri buraxmağı planlaşdırır. Bu krossover, U7 Ion konsept avtomobilinin seriya versiyası olacaqdır.