Lamborghini Temerario superkarı Sloveniyanın Akrapovič şirkəti tərəfindən titandan hazırlanmış yeni buraxılış sistemi ilə təchiz ediləcək. Yeni sistem avtomobilin V8 mühərrikinin səsini daha fərqli və ifadəli etmək üçün nəzərdə tutulub.

Akrapovič-in hazırladığı sistem standart buraxılış sistemi ilə müqayisədə daha böyük diametrli borulara, xüsusi kollektorlar və yenidən işlənmiş səsboğucu konstruksiyasına malikdir. Lamborghini mühəndisləri sadəcə səsin gurultusunu artırmaq əvəzinə, mühərrikin müxtəlif dövrlərdə yaratdığı səs tezliklərini daha yaxşı vurğulamağa çalışıblar.

Sistemin hazırlanmasında istilik izolyasiyasına da xüsusi diqqət yetirilib. Bu, xüsusilə yüksək dövrlərdə işləyən hibrid güc qurğusunun ətrafında yaranan temperaturun nəzarətdə saxlanılması baxımından vacibdir.

Xatırladaq ki, Temerario 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və üç elektrik mühərrikindən ibarət hibrid güc qurğusu ilə təchiz olunur. Sistemin ümumi hasilatı 907 at gücüdür. V8 mühərriki isə 10 000 dövr/dəqiqəyədək fırlana bilir.

Akrapovič və Lamborghini əvvəllər də Urus və Huracán modelləri üçün titandan buraxılış sistemləri hazırlayıblar. Temerario üçün yeni sistem bu əməkdaşlığın davamıdır.

Lakin yeni buraxılış sisteminin mühərrikin gücünə, avtomobilin çəkisinə və dinamik göstəricilərinə təsiri barədə məlumat verilməyib. Buraxılış sisteminin qiyməti və sifarişlərin qəbulu tarixi hələlik açıqlanmayıb. Lamborghini yalnız yeni sistemin səsini nümayiş etdirən tizer videosunu yayımlayıb.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.