Volkswagen çətirinin altında olan hər bir avtomobil markası krossoverlər istehsal edir. Audi, Skoda, Seat, Volkswagen, Porsche və hətta Bentley ilə Lamborghini də öz krossoverlərinə malikdirlər.
Alman konserninə daxil olan markalar arasında yolsuzluq avtomobilinə malik olmayan yeganə brend Bugatti brendidir.
Nəzərə alsaq ki, avtomobillər ilə deyil möhtəşəm yaxta, villa və zinyət əşyaları ilə rəqabət aparan Rolls-Royce şirkəti də indiyənə qədər görünməmiş dəbdəbəyə sahib olan Cullianan layihəsini başa vurmaq üzrədir, Bugatti brendi altında belə bir ofroderin buraxılması artıq alman qrupu üçün şərəf işinə çevrilir.
Bəs Bugatti markası ilə buraxılacaq ofroder necə ola bilər?
Fəaliyyətini yaxından izlədiyimiz rus dizayner Nikita Aksyonov bu suala cavab tapıb. Nikita Bugatti Chiron hiperkarına məxsus olan cizgiləri asanlıqla yolsuzluq avtomobilinin simasına köçürüb. Lakin, istənilən halda Nikitanın təklif etdiyi layihə "wow" effektini vermir - avtomobilin yan və arxa tərəfinin dizaynı bir qədər sönük alınıbdır.
Hər halda rus dizaynerin əlindən gələni edib. Lakin, Bugatti şirkətinin offroader buraxması o qədər də real görünmür. Amma dünyanın işini bilmək olmaz. Bu gün Ferrari krossoverindən danışan Sercio Markionne də vaxti ilə bu fikri səsləndirənlərə “əvvəlcə məni güllələyin” demişdi.