Alfa Romeo şirkəti Giulia modelinin ikiqapılı variantı üzərində işləyir. Kupe həm adi benzin və dizel mühərrikləri, həmçinin də 2,9-litrlik biturbo V6 mühərrikinin bazasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
"Autocar" nəşrinin bildirdiyinə görə, hibrid qurğunun tərkibinə Ferrari LaFerrari modelindən alınmış enerjinin rekuperasiyası sistemi daxil ediləcəkdir. İlkin məlumata görə, Alfa Romeo Giulia Coupe italyan markasının ümumi yollar üçün nəzərdə tutulan ən güclü modeli olacaqdır. Hibrid qurğunun ümumi gücü 650 at qüvvəsi təşkil edəcəkdir. Bu göstəriciyə görə italyan kupesi rəqibləri olan BMW M4 (431 at qüvvəsi), Audi RS5 (450 at qüvvəsi) və Mercedes-AMG C63 S Coupe (510 at qüvvəsi) ciddi şəkildə üstələyir.
İkiqapılı Giulia modelinin kütləvi təqdimatı bu ilin sonuna qədər keçirilməlidir. Kupenin satışları 2019-cu ildə başlanacaqdır. Kupenin əsasını Alfa Romeo Giulia sedanın şassisi təşkil edəcəkdir.
Xatırladaq ki, sedanın "bərkgedən" Quadrifoglio modifikasiyası 510 at qüvvəsi və 600 Nm hasil edən 2,9-litrlik biturbo mühərriklə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki və yaxud səkkiz diapazonlu avtomatik transmissiya ilə tandemdə çalışır.