FCA konserni bu günlərdə italyan polisinin sərəncamına Alfa Romeo Giulia modelinin «bərkgedən» variantı olan Quadrifoglio Verde sedanının iki nüsxəsini təqdim etmişdir. «Qaynar» sedanlar Roma və Milan karabinyerlərinə adı çəkilən şəhərlərdə asayişi qorumaqda, çevik əməliyyatlar aparmaqda və qəza-xilasetmə işlərində köməklik göstərəcəklər. Karabinyer xidmətini davam etdirəcək Alfa Romeo Giulia Quadrifoglio Verde avtomobilləri İtaliya polisinin istifadə etdiyi ənənəvi rənglərə - ağ-mavi rəngə boyanmış və qırmızı aksentlərlə bəzədilmişdirlər.
Polis avtomobillərinin təchizatına işıqdiodlarından hazırlanmış sayrışan işıqlar, səs sirenası, defibrilyatorlar, soyutma bölümü olan portativ cihazlar, silah saxlanılan bölümlər və xüsusi işıqdiodlarından hazırlanmış əl fənərləri daxildir. Beləliklə, «qaynar» sedan karabinyer «işləmək» üçün lazımi avadanlıqla təchiz edilmişdir. Yeni polis avtomobilində xidmət aparmaq, Alfa Romeo mütəxəssisləri tərəfindən xüsusi təlim keçmiş karabinyerlərə həvalə ediləcəkdir.
Bildiyimiz kimi, «bərkgedən» Alfa-Romeo Giulia modeli 510 ay qüvvəli 2,9-litrlik turbomühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə komplektləşdirilə bilər.
Alfa-Romeo Giulia Quadrifoglio Verde modeli 100 km/saat sürətini 3,9 saniyəyə toplayır. Onun maksimal sürəti 307 km/saata bərabərdir.