Alfa Romeo şirkəti yenilənmiş Giulietta modelini təqdim etmişdir. Avtomobilin eksteryerindəki dəyişikliklər yeni radiator barmaqlığından və qabaq bamperdən ibarətdir. Avtomobilə nəzər saldıqda qara rəngə boyanmış radiator barmaqlığını və qabaq bamperdə quraşdırılmış toru görmək olar. Bundan başqa, yenilənmiş Giulietta təkmilləşdirilmiş Uconnect multimedia sistemi ilə də təchiz edilmişdir.
Bununla bərabər, avtomobilin arxa hissəsində heç bir dəyişiklik baş verməmişdir. Hetçbekin interyerində də dəyişikliklər qeydə alınmamışdır. Yenilənmədən sonra multimedia sistemi Facebook, Twitter, Deezer, TuneIn, Reuters əlavələrini və TomTom naviqasiyasını da dəstəkləyir.
Avtomobil üçün təklif edilən mühərrik çeşidinə 120 - 170 at qüvvəsi arasında gücü olan 1,4-litrlik turbomühərriklər daxildir. Bundan əlavə, Giulietta 120 at qüvvəsi gücü olan 1,6-litrlik və 150 və ya 175 at qüvvəsi gücü olan 2,0-litrlik dizel güc aqreqatları ilə də təklif edilir. Həmçinin, Giulietta modelinin «qaynar» variantı sayılan Veloce modifikasiyası da mövcuddur.
Yan güzgülərinin qara rəngə boyanmış korpusu və arxa diffuzoru ilə seçilən Giulietta Veloce modeli 240 at qüvvəsi gücü olan 1,75-litrlik turbomühərriklə təchiz edilir. Bənzər mühərrik Alfa Romeo 4C modelində də quraşdırılır. İtaliyada avtomobilin qiyməti 22200 avro təşkil edir. Veloce modifikasiyası üçün isə 34900 avro tələb olunur.