Britaniyanın Autocar nəşrinin məlumatına görə, Alfa Romeo şirkəti yığcam elektrik krossoveri buraxmağı planlaşdırır. Avtomobil 2022-ci ildə debüt edəcə və Peugeot Citroen platformasına əsaslanacaqdır: Alfa Romeo markasının daxil olduğu Fiat Chrysler konserni indi PSA alyansı ilə əməkdaşlığı genişləndirir.
Peugeot markası artıq bənzər modelə malikdir – bu, elektrik mühərriki ilə hərəkətə gələn yığcam e-2008 krossoveridir. Bundan əlavə, tezliklə eyni platformada inşa edilmiş yeni Opel Mokka krossoverinin də debütü gözlənilir.
Peugeot e-2008
Peugeot e-2008 modeli ön ötürmə, 136 at qüvvəli elektrik mühərriki və 50 kilovat-saatlıq batareya ilə təchiz edilir. Bununla birlikdə, Alfa Romeo daha dinamik olan təkmilləşdirilmiş elektrokar hazırlamaq niyyətindədir. Avtomobilin tam ötürməli olmasını təmin edəcək əlavə elektrik mühərrikinin tətbiq ediləcəyini də gözləmək olar.
Məlum olduğu kimi, Fiat konserni yığcam 500L kompaktvenini və 500X krossoverini elektrik versiyasını alacaq yeni bir model ilə əvəz etmək niyyətindədir. Yeni Alfa Romeo krossoverinin də bu şassidə inşa ediləcəyi daha məntiqli görünür.