Alfa Romeo MiTo modelinin italyan markasının ən əlçatan modeli olmasına baxmayaraq, yığcam hetçbek heç də italyan markasının bestselleri deyildir.
Tədqiqatlar da kompakt avtomobillər seqmentində yeni avtomobillərin alıcılarının daha çox krossover və yolsuzluq avtomobillərinə üstünlük verdiyini göstərir. Alfa Romeo MiTo modelinin 2008-ci ildən başlayaraq satılmasına baxmayaraq, onun parlaq satış rəqəmlərinə malik olduğunu söyləmək mümkün deyildir. Hazırda italyan brendi öz model cərgəsində yalnız bir krossoverə - Stelvio modelinə malikdir. Bununla belə, Alfa Romeo yaxın gələcəkdə təklif etdiyi krossoverlərin sayını artırmağı düşünür.
Bəs MiTo modelinin gələcək taleyi necə olacaq? Çox güman ki, Alfa Romeo modeli indiki formada təklif etməyəcəkdir. Böyük ehtimalla, italyan markası B-seqmentindəki üçqapılı hetçbeklərin populyarlığının azalmasını nəzərə alaraq MitO adını yeni yığcam krossoverə verəcəkdir.
Cenevrədə keçirilən Cenevrə avtosalonunda “Auto Express” nəşrinə müsahibə verən FCA ittifaqının rəhbəri Sercio Markionne də buna işarə edib.
“Söhbət MiTo modelindən gedirsə, hesab edirəm ki, o bu günki formada təklif edilməyəcəkdir. B-seqmentindən olan üçqapılı hetçbeklərin bazarı getdikcə sürətlə kiçilir. Bu səbəbdən də biz bir qədər ehtiyatlı olmalıyıq”, - Markionne bildirib.
Alfa Romeo şirkətinin rəhbəri Reyd Biqlendə şefi ilə eyni fikirdədir. O, MiTo və C-seqmentində çıxış edən Giulietta modellərinin gələcəyindən o qədər də əmin olmadığını bildirib. Şirkət rəhbərinin fikrincə 4C, Stelvio və Giulia modelləri birmənalı olaraq italyan istehsalçısının model xəttində təmsil ediləcəkdirlər. MiTo və Giulietta modellərinin gələcək taleyi isə hələlik qaranlıqdır.
Çox güman ki, bu ticarət nişanları da italyan markası tərəfindən gələcək krossoverlərin adlandırılması üçün istifadə ediləcəkdir.