Hələ keçən il Alfa Romeo şirkəti 2022-ci ilə qədər model cərgəsinin inkişafı üzrə “yol xəritəsini” dərc etmişdi. Gələcəkdə debüt edəcək modellərin arasında iki idman xarakterli model də mövcud idi – GTV və 8C. Lakin, son məlumatlara görə, şirkətin planlarında ciddi dəyişikliklər baş verib.

 “Automobile Magazine” nəşrinin FCA alyansının icraçı direktoru Mayk Menliyə istinadən verdiyi xəbərdə Alfa Romeo şirkətinin xərcləri azaltmaq məqsədilə model xəttini ixtisara salacağı bildirlir - italyan markasının model xəttində yalnız gəlir gətirən modellər qalacaqdırlar. Yəni, model cərgəsində yalnız kütləvi modellər olacaqdırlar.

FCA alyansının üçüncü rüb üzrə maliyyə hesabatında həmin “yol xəritəsinin” yenilənmiş variantı dərc olunub ki, yeni “xəritənin” təhlili gözlənilən ixtisarların miqyasını nümayiş etdirir. Göründüyü kimi, Alfa Romeo markasının model xəttində Giulia sedanı və Stelvio krossoveri qalacaqdır. Hətta, bu modellərin təsdiq edilmiş uzunbazalı versiyaları da plandan çıxarılıbdır. Sedan və krossoverin yenilənməsi isə 2021-ci ildə baş tutacaqdır.

Plana əsasən, ixtisara düşmüş sportkarlar yeni krossoverlər ilə əvəzlənibdir. Onlardan biri, çox güman ki, hibrid güc qurğusuna malik olacaq Alfa Romeo Tonale modelinin seriya versiyasıdır. İkinci krossover isə sırf elektrokar olacaq və böyük ehtimalla model xəttini tərk edən Giulletta hetçbekini əvəzləyəcəkdir.