Alfa Romeo markasınin uzun fasilədən sonra təqdim etdiyi ilk krossover, keçən ay işıq üzü görmüş Tonale modelidir. Lakin italyan istehsalçısı bununla kifayətlənmək fikrində deyil. Əksinə, bu yalnız model xəttinin genişləndirilməsini nəzərdə tutan geniş miqyaslı strategiyanın başlanğıcıdır.
İtalyan markasının daha yığcam ölçülü krossoveri buraxacağı barədə məlumatı dəfələrlə eşitmişik. İndi isə, italyan istehsalçısının daha yuxarı qiymət seqmentini hədəfə aldığı məlum olub. Alfa Romeo şirkətinin rəhbəri Jan-Filipp İmparato Niderlandın “Autoweek” nəşrinə italyan markasının BMW markasının iri modellərinə rəqib hazırladığını bildirib. Alfa Romeo şirkətinin hədəfində X5/X6 krossoverləri və hətta 7 Series sedanı var.
Beləliklə, söhbət Giulia və Stelvio modellərindən yuxarıda yerləşən avtomobillərdən gedir. İmparato bu seqmentin ən gəlirli seqment olduğunu, həmçinin Çin bazarına böyük ümidlər bəslədiyini qeyd edib. O, yeni modellər haqqında təfərrüatları açıqlamasa da, onların 2027-ci ildə işıq üzü görəcəklərini bildirib.
Top menecerin əvvəlki bəyanatlarından göründüyü kimi, 2025-ci ildən başlayaraq bütün yeni Alfa Romeo modelləri elektrik ötürməsi ilə hərəkətə gələcək, 2027-ci ildə isə, italyan markası tamamilə daxili yanma mühərriklərindən imtina edəcəkdir. Bu isə, iri BMW modellərinin hipotetik rəqiblərinin batareyalı olacağından xəəbər verir.
2030-cu ilə qədər DS Automobiles və Lancia ilə birlikdə Stellantis konserninin premium seqmentinə cavabdeh olan Alfa Romeo, hər il ən azı bir tamamilə yeni və ya yenilənmiş model buraxacaqdır. 2024-cü ildə onun ilk elektrik avtomobili - yuxarıda adı çəkilən Tonale modeliinin kiçik qardaşı debüt edəcəkdir.
Bu, 2008 Peugeot e-2008 və Opel Mokka-e modellərinin inşa olunduğu STLA Kiçik platformasına əsaslanan Brennero adlı model olacaqdır. Onun istehsalı hazırkı Jeep Renegade və Fiat 500X modelinin varisləri ilə birlikdə Polşadakı zavodda təşkil ediləcəkdir. 2025-ci ildə şirkət yanacaqlı modellər arasında analoqu olmayan ilk elektromobilini nümayiş etdirəcəkdir. Həmçinin, onilliyin sonuna qədər klassik üslubda idman avtomobilinin buraxılacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.