Alfa Romeo Giulia sedanı 2015-ci ilin ortalarında debüt edib, 2016-cı ilin payızında isə, ona Stelvio krossoveri qoşulub. O vaxtdan bəri, bu modellər bir neçə yenilənməyə məruz qalıblar, onların tam restaylinq isə, 2022-ci ildə həyata keçirilib. Növbəti nəsillərin debütü təxirə salındığı üçün, Stellantis alyansı köhnə modellərdən imtina etməyə tələsmir. İtalyanlar yeni hazırladıqları Performance Pack adlı opsiyalar dəstinin ictimaiyyətin sedan və krossoverə olan marağını artıracağına ümid edirlər.

Bu dəstin əsas xüsusiyyəti Alfa DNA hərəkət rejimlərinin seçilməsi sistemi ilə birlikdə işləyən Synaptic Dynamic Control elektron idarələnən asqısıdır. İstehsalçı, amortizatorlara yağ axınını tənzimləyən və onların işləmə parametrlərini real vaxt rejimində tənzimləyən elektrohidravlik klapanlar sayəsində rahatlıq, dəqiqlik və təhlükəsizlik arasında optimal tarazlıq vəd edir.

Aktiv asqı əvvəlcə ən yüksək səviyyəli Quadrifoglio modellərində quraşdırılırdı, lakin standart modellər üçün hər zaman əlçatan deyildi. Məsələn, SDC sistemi xüsusi Competizione, Estrema və Intensa versiyalarında quraşdırıldı və restaylinqdən əvvəlki  Ti və Veloce modelləri üçün opsiya kimi təklif edilirdi.

Performance Pack həmçinin interyer yeniləmələrini də ehtiva edir. İnteryer tərtibatında qırmızı tikişləri olan qara dəri və karbon dekordan istifadə edilir. Üstəlik, ön panel, qapılar və mərkəzi konsolda qırmızı vurğular peyda olublar.

Bundan əlavə, avtomobillər indi 14 dinamiki və 12 kanallı gücləndiricisi olan daha güclü 900 vattlıq Harman Kardon audio sistemi ilə təchiz edilirlər. Bu baxımdan, Sprint və Veloce versiyaları artıq Quadrifoglio ilə müqayisə edilə bilərlər və 470 vattlıq səs sistemi ilə təchiz olunmuş Intensa versiyasından üstündürlər.

Stellantis Performance Pack dəstinin qiymətini açıqlamayıb. Paketin Avropada təklif olunan Sprint və Veloce modelləri üçün əlçatan olacağı gözlənilir. Bunun sayəsində onlar həm şassi konstruksiyası, həm də təchizat baxımından Intensa və Quadrifoglio versiyaları ilə aralarındakı fərqi azaltmalıdırlar.

Alfa Romeo şirkəti Giulia və Stelvio modellərinin istehsalını dayandırmağı planlaşdırırdı, lakin sonra onların istehsalını gələn ilə qədər davam etdirmək qərarına gəlib: sedan və krossoverin varisləri üzərində çalışmaların başa çatması üçün vaxt tələb olunur. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İtalyan istehsalçısı son yenilənmənin yeni nəsillərin debütünə qədər tələbatı qoruyub saxlayacağna ümid edir. Yeni nəsil sedan və krossoverin debütü elektrikləşdirmənin mürəkkəbliyi səbəbindən 2028-ci ilə təxirə salınıb.

Bu da italiyan şirkətini tam şəkildə elektromobillərə keçid planından imtina etməyə və daha dayanıqlı bir yol seçməyə məcbur edib: yeni modellərin müxtəlif güc aqreqatlarının quraşdırılmasına imkan verən STLA Large platformasında inşa edilməsini nəzərdə tutulur.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.