Alfa Romeo Stelvio modeli heç zaman GTA indeksinə sahib olmayacaq. Bu barədə Autocar nəşrinə müsahibə verən Alfa Romeo şirkətinin marketinq şöbəsinin müdiri Fabio Milyavakka söyləyib. O, GTA embleminin yalnız Alfa Romeo Giulia Quadrifoglio sedanın xüsusi versiyasına məxsus olduğunu qeyd edib.
Şöbə müdirinin sözlərinə görə, GTA indeksinə malik olan bütün avtomobillər "trekdə çox yaxşı olmalıdırlar". Giulia modeli ilə buna nail olmaq asandır, amma Stelvio fərqli bir məsələdir. Yüksək ağırlıq mərkəzinə malik olan krossover eyni dinamika, sabitlik və reaksiya hissiyatını göstərə bilməyəcəkdir. Buna görə də, trek üçün hazırlanmış krossover, ona çəkilən xərcləri heç vaxt ödəməyəcəkdir. Eyni zamanda, Milyavakka italyan markasının müştərilərinin belə bir avtomobilə ehtiyac duymadığından əmindir.
Beləliklə, GTA (Gran Tourismo Allegerita) indeksini yalnız Giulia sedanında görə biləcəyik. Giulia GTA modeli Alfa Romeo Giulia sedanının «bərkgedən» Quadrifoglio modifikasiyasına əsaslanır. Yeni Giulia GTA iki versiyada təklif edilir - GTA və GTAm. Hər iki versiya adi yollar üçün nəzərdə tutulsa da, GTAm modifikasiyasını rahatlıqla trekdə istifadə etmək olar.
Hər iki model Ferrari şirkəti tərəfindən hazırlanmış 2,9-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Mühərrikin gücü 510 at qüvvəsindən 540 at qüvvəsinə qədər artırılsa da, onun fırlanma anı dəyişməz qalıb - 600 Nm. Sedanın 100 km/saat həddinə sürətlənmə zamanı isə 3,9-dan 3,6 saniyəyə enib.
Alfa Romeo şirkəti GTA modellərinin 500 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Avtomobillərin alıcılarına fərdi yanaşılacaq və onlar Alfa Romeo Friving Academy kurslarında iştirak etmək şansına malik olacaqdırlar. Bundan başqa, avtomobil sahiblərinə yarış kombinezonu və dəbilqə hədiyyə olunacaqdır.