Alfa Romeo şirkəti Stelvio krossoverinin First Edition modifikasiyasının fotoşəkillərini dərc etmişdir. Bu seriyadan olan avtomobillər krossoveri birinci olaraq sifariş etmiş müştərilərə çatırılacaqdırlar. Qeyd etmək lazımdır ki, fotoşəkillərdə krossoverin baza mühərriki ilə təchiz edilmiş “adi” variantı əks olunmuşdur.
Xatırladaq ki, Alfa Romeo Stelvio modeli ilkin olaraq “qaynar” Quadrifoglio Verde modifikasiyasında debüt etmişdi.
Bu günə qədər “zəif” mühərriklərlə təchiz edilmiş krossoverin görüntüləri dərc edilməmişdi. Krossoverin xüsusi variantı 280 at qüvvəsi və 400 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindrli turbomühərrik, səkkiz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz edilmişdir. Yerindən 100 km/saat həddini Alfa Romeo Stelvio modeli 5,7 saniyəyə toplayır. Onun maksimal sürəti 230 km/saatdır. İtalyan istehsalçısının iddiasına görə, krossover 100 kilometrə ortalama yeddi litr yanacaq sərf edir.
Krossoverin ətraf mühitə atdığı zərərli tullantıların səviyyəsi isə bir kilometrə 161 qramdır.
Müqayisə üçün bildirmək istərdik ki, krossoverin “qaynar” Quadrifoglio Verde modifikasiyası 510 at qüvvəli 2,9-litrlik iki turbokompressorlu altısilindrli mühərrik ilə hərəkətə gəlir. 100 km/saat həddinə krossover 3,9 saniyəyə çatır və 285 km/saat maksimal sürətə malikdir. Alfa Romeo Stelvio First Edition modelinin təchizatına interyerin dəri ilə üzlənməsi, ağacdan işləmələr, oturacaqların elektriklə tənzimlənməsi, biksenon fənərlər, arxa görüntü kamerası, 8,8-düymlük ekranı olan multimedia sistemi və 244/45 ölçülü şinləri olan 20 düymlük təkər diskləri daxildir. Əlavə ödənişlə yalnız kuzovun beş rəngindən birini və əyləc supportlarının rəngini (qırmızı və ya sarı) seçmək mümkündür. Vətənində avtomobilin satış qiyməti 57300 avrodan başlayır.