Alfa Romeo məşhur adı yeni krossover üçün yenidən canlandırmaq qərarına gəlib. Modelin adının Brennero olacağı ilə bağlı ilkin fərziyyələr öz təsdiqini tapmayıb. Onun əvəzinə məşhur Milano adı seçilib. Bu ad ilə 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində ABŞ-da arxa ötürməli Alfa Romeo 75 sedanı satılırdı.

Yeni Alfa Romeo Milano krossover, daha doğrusu “şəhər idman avtomobili” (Sport Urban Vehicle, SUV) olacaq. Bu model ilə italyan markası Avropa bazarının B seqmentinə qayıtmalıdır. Alfa Romeo Milano modelinin təqdimatı 2024-cü ilin aprelində, əlbəttə ki, Milanda keçiriləcək.

Alfa Romeo iyerarxiyasında yeni modelə Tonale krossoverindən bir pillə aşağıda yer ayrılıb, yəni o daha yığcam və daha ucuz olmalıdır.

Milano italyan brendinin ilk seriya elektromobili olacaq, lakin onun hibrid versiyası da təklif ediləcəkdir. Texniki baxımdan yenilik Jeep Avenger və Fiat 600 modellərinə yaxın olmalıdır.

Alfa Romeo Milano krossoverinin STLA Small platformasına (CMP/eCMP) əsaslanacağı artıq məlumdur. Elektrik versiyası çox güman ki, 156 at qüvəli elektrik mühərriki və 54 kilovat-saatlıq batareya ilə təchiz ediləcək ki, bu da 400 kilometrə yaxın avtonomluq deməkdir.

Bununla belə, krossoverin iki mühərrikə malik olan tam ötürməli versiyasının da olacağı ilə bağlı şayiələr də dolaşmaqdadır. Hibrid güc qurğusu Fiat 600 modelindən götürülə bilər: onun tərkibinə 1,2-litrlik Puretech turbomühərriki və robotlaşdırılmış ötürmələr qutusuna quraşdırılmış elektrik mühərriki daxildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.