Alfa Romeo brendinin gələcək modelləri multimedia sisteminin nəhəng ekranlarını almayacaqlar. Alfa Romeo şirkətinin baş direktoru Jan-Fhilipp İmparato “Autocar” nəşrinə verdiyi müsahibəsində, şirkətin araşdırmaları apardığını və brendin müştərilərinin ön paneldəki genişformatlı displeylərə ehtiyac duymadığını müəyyən etdiyini bildirib.
"Müştərilərimiz bir metrlik ekranlara və iki yüz köməkçi sistemə o qədər də əhəmiyyət vermirlər, - İmparato bildirib. – Alfa Romeo sahiblərinə növbəti üç həftə üçün hava proqnozu lazım deyil, onlar sadəcə avtomobili idarə etməkdən həzz almaq istəyirlər".
Alfa Romeo Giulia
Eyni zamanda, Alfa Romeo proyeksiya displeyi və rəqəmsal cihazlar paneli kimi mövcud sistemlərdən imtina etmək niyyətində deyil. Ancaq gələcəkdə böyük mərkəzi ekranları gözləməyə dəyməz.
Hazırda Giulia və Stelvio modellərinin multimedia sisteminin ekranlarının diaqonalı 8,8 düym, virtual cihazlar panelinin isə 12,3 düymdür. Multimedia sisteminin ən böyük ekranı Tonale üçün bəylan edilib - 10,25 düym.
Alfa Romeo Tonale
Əvvəllər metrlik ekranlar tendensiyası DS brendinin baş dizayneri Tyerri Metroz tərəfindən tənqidə məruz qalıb. O bildirib ki, nəhəng displeylər eybəcər və hətta “axmaqcasına” görünürlər, böyük displeyin xeyrinə klassik cihazlar panelindən imtina edilməsi brendin fəlsəfəsinə ziddir. Odur ki, fransız brendi gələcəkdə nəinki ekranların sayını və ölçüsünü minimuma endirmək, hətta onlardan tamamilə qurtulmaq niyyətindədir.
Ötən il İsveçin “Vi Bilägare” nəşri eksperiment keçirib: jurnalistlər sürücülərin ekrandan müxtəlif funksiyaları idarə və analoq düymələrindən istifadə etməyə sərf etdikləri vaxtı ölçüblər. Nəticə isə sensorlu ekranların xeyrinə olmayıb: sensorlu idarəetmə fiziki düymələrdən orta hesabla 2,5 dəfə çox vaxt aparır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.