Alfa Romeo şirkəti təqdim edilməmiş idman avtomobilinin demək olar ki, bütün tirajını satıb. Alfa Romeo brendi altında yeni avtomobilin yaradılması ilə bağlı şayiələr gerçəkləşib - İtaliya istehsalçısının rəhbəri Jan-Filipp İmparato “AutoCar” jurnalına müsahibəsində, yeni avtomobilin model çeşidində peyda olacağını rəsmən təsdiqləyib. Üstəlik, məhdud tirajla buraxılması planlaşdırılan sportkar rəsmi təqdimatdan xeyli əvvəl demək olar ki, tamamilə satılıb. Bununla belə, top menecer təqdimata qədər qalan nüsxələrin də satacağına əmin olduğunu bildirib.

Stellantis konserninin rəhbərliyi hazırda zavod daxili 6C kodu ilə işarələnmiş avtomobilin istehsalına aprel ayında “yaşıl işıq” yandırmalıdır. Yeni modelin ictimai debütünün yayda keçirilməsi planlaşdırılır. Amma Jan Filipp İmparato demək olar ki, bütün avtomobillərin əvvəlcədən ödəniş etmiş müştərilərə satıldığını bildirib. Eyni zamanda, yenilik haqqında heç bir məlumat verilməyib.

“Bu model əfsanəvi, superseksual və dərhal tanınan Alfa Romeo olacaqdır. Bu model markanın DNT-sinə töhfə verəcək və Areze muzeyində 8C modeli ilə birlikdə nümayiş etdirilməyə layiq bir avtomobil olacaqdır", - İmparato qeyd edib.

Xatırladaq ki, əvvəllər italyan brendinin yaxın illərdə Formula 1 texnologiyalarına əsaslanan ortamühərrikli superkarı buraxacağı barədə məlumat peyda olmuşdu. Yeni superkarın yaradılmasında Alfa Romeo şirkətinə Ferrari və Sauber mühəndislik şirkətlərinin mütəxəssisləri kömək edə bilərlər. Yeni superkarın dizaynının 1960-cı illərin Alfa Romeo Tipo 33 Stradale yarış avtomobilinin ruhunda hazırlanacağı gözlənilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.