Alfa Romeo şirkətinin yığcam Tonale krossoverini hazırladığı barədə ətraflı məlumat vermişik. Yeni krossover haqqında bəzi təfərrüatlar bəlli olsa da, Tonale modelinin nə zaman debüt edəcəyi bu günə qədər məlum deyildi. Xatırladaq ki, yeni krossoverin debütü iki dəfə təxirə salınmışdı. Təqdimatın ilk dəfə təxirə salmasının səbəbkarı italyan markasının rəhbəri Jan-Filipp İmparato olmuşdu - o, krossoverin təchiz ediləcəyi hibrid güc qurğusundan narazı idi. İkinci dəfə isə, təqdimat yarımkeçirici qıtlığı üzündən təxirə salınmışdı.
Budur, nəhayət, Alfa Romeo Tonale modelinin La Metamarfosi (“Metamorfoza”) adlandırılan təqdimat mərasiminin 8 fevral tarixində keçiriləcəyi bildirilib.
Artıq bilindiyi kimi, Alfa Romeo Tonale modelinin əsasını, Jeep Compass və Renegade modellərinin inşa olunduğu Small Wide 4x4 platforması təşkil edəcəkdir. Deməli, avtomobillərin mühərrik çeşidi də ümumi olmalıdır.
Ən güclü və bahalı Tonale modeli qoşulan hibrid olacaqdır. Plug-in versiya tərkibinə 1,3-litrlik benzin turbomühərriki və arxa oxda quraşdırılan elektrik mühərriki daxil olan, 240 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən 4xe hibrid güc qurğusunu əldə edəcəkdir. Belə qurğuya malik olan Jeep Compass modeli 100 km/saata 7,5 saniyəyə sürətlənir və elektrik ötürməsi ilə 49 kilometr məsafə qət edir. Alfa Romeo Tonale modelinin dinamik göstəriciləri daha yaxşı ola bilər.
Bundan başqa, İtaliyanın şimalındakı Passo del Tonale aşırımının şərəfinə adlandırılmış yığcam krossover 1,3-litrlik benzin turbomühərriki və bu mühərrikin 48-voltluq startyor-generatorla təchiz edilmiş verisyasını alacaqdır. Xatırladaq ki, Compass modelində quraşdırılan 1,3-litrlik turbomühərrik iki versiyada - 130 və 150 at qüvvəli variantlarda təklif olunur.
Güc aqreqatları 6-pilləli mexaniki ötürmələr qutusu və ya DDCT “robotu” ilə tandemdə çalışırlar. Ötürmə - yalnız ön oxadır. Bundan başqa, amerikan krossoveri 130 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edən 1,6-litrlik MultiJet II dizeli və mexaniki transmissiya ilə də təklif olunur. Bu tandemin Tonale üçün təklif edilib-edilməyəcəyi sual altındadır.
Ölçülərinə görə, Tonale modeli Compass krossoverinə yaxın olacaqdır. Hər iki avtomobilin oxları arasındakı məsafə eynidir – 2636 millimetr, lakin onların uzunluğu, eni və hündürlüyü fərqlənir: 4528 ( - 133 millimetr) millimetr, 1835 (- 39 millimetr) və 1604 (- 36 millimetr) millimetr.
Fransız CMP platformasında inşa edilən Alfa Romeo Brennero daha yığcam ölçülərə malik olacaqdır. Bu modelin istehsalına 2023-cü ilin aprelində Polşadakı zavodda başlanacaqdır. 2026-cı ilə qədər italyanlar beş yeni modeli təqdim etməlidirlər. Bu modellərin arasında Tonale və Brennero krossoverləri, habelə GTV adlandırılacaq kupe olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.