Ferrari şirkəti turbomühərrikli 488 GTB modelini buraxmaqla çoxsaylı tüninq atelyelərinin əppəyinə yağ sürtmüş oldu. Belə ki, atmosfer mühərrikə nisbətən turbomühərriklər tünerlər üçün güc aqreqatını təkmilləşdirmək yolunda geniş imkanlar açır. Bunda misal olaraq Almaniyadan olan VOS tüninq atelyesini misal gətirmək olar. Adı «Vision of Speed» («Sürətə baxış») kimi açıqlanan atelyenin rəhbəri Mixael Kellerin sözlərinə görə, hər bir avtomobil fərdi xarakterə malikdir və bu xarakteri incəlikləri kimi bilmək, avtomobilin DNK-sına vacib olan dəyişikliklər etməyə böyük köməklik edir.
Beləliklə, alman tüner Ferrari 488 GTB modelinin 3,9-litrlik səkkiz silindirli turbomühərriki üçün üç təkmilləşdirmə proqramı təklif edir. VOS mütəxəssisləri ilkin olaraq italyan mühərrikinin gücünü 661 at qüvvəsində 740 at qüvvəsinə, fırlanma anı isə 760 Nm-dən 810 Nm-ə yüksətməyi təklif edirlər. İkinci təkmilləşdirmə proqramı turbomühərrikin gücünün 819 at qüvvəsinə, fırlanma anının isə 860 Nm-ə artırılmasını təklif edir. Nəhayət, üçüncü və top-variant olaraq 888 at qüvvəsi və 910 Nm fırlanma anı təklif edilir.
Əlbəttə ki, gücü artırılmış superkarın zahiri görünüşü də onun yüksəlmiş dinamik imkanlarına uyğun olmalıdır. Bu məqsədlə alman tüner karbondan hazırlanmış və tərkibinə yeni qabaq spoylerin, yan kandarların, arxa diffuzorun, arxa görüntü güzgülərinin korpusları və arxa antiqanad da daxil olan aerodinamik kuzov dəstini quraşdırmağı təklif edir. Bütün bu gözəlliyi öndə 295/35, arxada isə 325/25 ölçülü təkərlərlə təchiz edilmiş 21-düymlük tutqun qara rəngli Loma diskləri tamamlayır.