Alman Siemoneit Racing tüninq atelyesi tamçəkişli Seat Leon ST Cupra universalı üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim edib. Atelye mütəxəssisləri ispan universalını Mercedes-AMG C63 Estate 4Matic (476 at qüvvəsi) və Audi RS4 (450 at qüvvəsi) universallarından güclü ediblər.
“Bərkgedən” Seat Leon ST Cupra modelinin 2,0-litrlik dörd silindrli turbomühərriki 300 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edir. Atelye mütəxəssisləri mühərrikin turbinasını, giriş sistemini, interkulerini dəyişərək, bir sıra təkmilləşdirmələr ediblər. Bu dəyişikliklər nəticəsində mühərrikin gücü 522 at qüvvəsinə, fırlanma anı isə, 620 Nm qədər artırılıb.
Bundan başqa, “bərkgedən” universal Audi RS3 modelinin karbon-saxsı əyləclərini, idman buraxılış sistemini və Michelin Pilot Sport Cup 2 şinlərini əldə edib. Yerindən 100 km/saat həddinə universal 3,4 saniyəyə sürətlənir. Bu, standart universalın göztəricisindən 1,8 saniyə yeyindir. Modelin maksimal sürəti 278 km/saat təşkil edir. Elektron məhdudiyyət sistemi aradan götürüldükdə isə bu hədd 304 km/saata qədər artır. Müqayisə üçün, adi Leon ST Cupra 266 km/saat maksimal sürət həddinə malikdir.
Təkmilləşdirmələrin dəyəri açıqlanmayıb.