Avropa İttifaqının ən yüksək icra orqanı olan Avropa Komissiyası, BMW, Daimler və Volkswagen konsernlərinin daxil olduğu “böyük alman üçlüyünün” gizli sövdələşməsinin üstünü açıb. Komissiyanın apardığı istintaq bu üçlüyün beş il (2009-cu ilin iyunundan 2014-cü ilin oktyabrınadək) ərzində kartel sövdələşməsində olduqlarını aşkar edib. Sövdələşmə zərərli tullantılar səviyyəsinin azaldılması üzrə texnologiyalarin tətbiqi zamanı yaranan rəqabəti aradan qaldırmaq məqsədini güdüb. Qeyd etmək gərəkdir ki, həmin zaman artıq belə texnologiyalar mövcud idi.
Reuters agentliyinin məlumatına görə, sövdələşmə iştirakçıları dizel mühərriklərində azot oksidi (NOx) tullantılarını azaldan SCR neytrallaşdırma sistemlərinin inkişafının qarşısını almağa çalışıblar. Şirkətlər arasındakı razılaşma AdBlue məhlulunun ortalama istehlakını və onun üçün nəzərdə tutulmuş çənin həcmini müəyyən edib. Yəni şirkətlər birlikdə daha sərt ekoloji normalara keçidi təxirə salıblar. Eyni zamanda, Avropa Komissiyası bu razılaşmanın dizelgeyt ilə birbaşa əlaqəsi olmadığını da müəyyənləşdirib.
Maraqlıdır ki, Daimler konserni bu razılaşmanın mövcudluğunu könüllü şəkildə etiraf edib və buna görə də cərimədən azad olunub. Digər iki şirkət isə böyük cərimələr ödəməlidir. Volkswagen konserni 502 milyon avro, BMW şirkəti isə 373 milyon avro məbləğində cərimələnib. Avropa Komissiyası, Daimler konserninin günahını etiraf etmədiyi halda, 727 milyon avro məbləğində cərimə ödəməli olacağını bildirib.
Yeri gəlmişkən, iki il əvvəl eyni üçlüyün artıq başqa bir kartel razılşmasına getdikləri məlum olub. Onların 2004-cü ildən 2013-cü ilə qədər poladın alış qiymətlərini təyin etdikləri sübut olunub. Üç şirkətə kəsilən cəzanın ümumi məbləği 100 milyon avroya olsa da, bu cərimənin yarışını Volkswagen konserni ödəməli olub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.