Amerikanın Consumer Reports nəşrinin bu yaxınlarda dərc edilmiş etibarlılıq reytinqindən fərqli olaraq, Almaniyanın TÜV SÜD ekspert təşkilatının araşdırması avtomobil sahiblərinin rəylərinə deyil, avtomobillərin texniki baxışı zamanı toplanmış kritik qüsurların statistikasına əsaslanır.
Bu il keçirilmiş texniki baxış on milyondan çox avtomobili əhatə edib və məlum olub ki, Almaniyada avtomobillərin orta yaşı uzun illərdən sonra, ilk dəfə onillik həddi keçib: indi bu göstərici 10,1 ildir. Yoxlama zamanı aşkar edilmiş kritik nöqsanların xüsusi çəkisi keçən ilki 17,9-dən 20,5 faizə yüksəlib.
Alman mütəxəssisləri bu nəticələri təkcə avtomobil parkının köhnəlməsi ilə deyil, həm də bir çox avtomobil sahiblərinin maddi vəziyyətinin pisləşməsi ilə izah edirlər. Sadəcə olaraq, Almaniyadakı avtomobil sahibləri dəmir atlarının keyfiyyətli texniki xidmətinə daha az pul xərcləməyə başlayıblar.
Yekun reytinqdə yoxlanılan bütün avtomobillər yaş kateqoriyalarına bölünüb və daha bir qrup - ən köhnə avtomobillər qrupu (12-13 yaş) əlavə edilib. Bu kateqoriyada ən etibarlı avtomobillər Audi TT, Volkswagen Golf Plus və Toyota RAV4 modelləri olublar. Ən pis nəticələr isə, Nissan Qashqai, Renault Twingo və Dacia Logan modellərinə məxsusdur.
Ən "cavan" və ən vacib "üç yaş qədər" kateqoriyasında Volkswagen Golf Sportsvan, Audi Q2 və Audi TT qalib gəlib. Üçillik avtomobillər üçün yuxarıda qeyd olunan keyfiyyətli xidmətin təsiri minimuma endirilib, ön plana konstruksiyanın və yığılma keyfiyyətinin ilkin etibarlılığı çıxıb.
Bu kateqoriyanın autsayderləri Seat Alhambra, Dacia Logan və Tesla Model 3 modelləridir. Alman müfəttişlərinin Tesla elektrokarının əyləc sistemi və şassisi ilə bağlı çoxlu sualları yaranıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.
Müxtəlif yaş qruplarındakı autsayderlərin ümumi cədvəli