Alman Pogea Racing firması Abarth 595 modelinin Hercules adlı versiyasını təqdim edib. Hetçbekin tüninq proqramına yeni kuzov dəstinin quraşdırılması, buraxılış sisteminin dəyişdirilməsi və mühərrik gücünün artırılması daxildir.
Fridrixshafen şəhərində fəaliyyət göstərən firma ilk dəfə deyil ki, Abarth modellərinin təkmilləşdirilməsini həyata keçirir. Üstəlik, almanlar layihələrini adlandırmaq üçün ənənəvi olaraq, mifologiyalardakı qəhrəmanların və tanrıların adlarından istifadə edir. 2017-ci ildə Pogea Racing firrması Fiat 500 Abarth modelini radikal şəkildə dəyişdirib - təkmilləşdirilmiş hetçbekə müharibə tanrısı Aresin adı verilmişdi.
Hetçbek həqiqətən də ağlasığmaz alınmışdı: 1,4-litrlik turbomühərrikin hasilatı 410 at qüvvəsi və 445 Nm fırlanma anına qədər yüksəldilmişdi. Ön ötürməli (!) hetçbek 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənirdi. Hazırki Hercules hetçbeki daha təvazökar hasilata malikdir - 220 at qüvvəsi və 340 Nm fırlanma anı.
Mühərrikin hasilatının 40 at qüvvəsi və 100 Nm artırılmasına yeni idarəetmə vahidi və idarə olunan çəpərcikləri olan MONSTERexaust buraxılış traktının, habelə 200 hüceyrəli katalizatoru və opsional izolyasiyası olan giriş borusu ilə təchiz edilmiş turbokompressorun quraşdırılması sayəsində nail olunub. Belə dəstə malik olan Abarth hetçbeki 100 km/saat həddinə 6,2 saniyəyə sürətlənir. Xatırladaq ki, 180 at qüvvəli Abarth 595 Competizione versiyası isə bu işə 6,7 saniyə sərf edir.
Vizual olaraq, Abarth 595 Hercules hetçbekini havalandıma kəsikləri olan kapotu, genişlənmiş qanadları və karbondan hazırlanmış yan ətəkləri ilə seçilir. Üstəlik, bu detalları boyanmış və ya şəffaf lakla örtülmüş vəziyyətdə sifariş etmək olar. Sonuncu halda, sifarişçi naxışları (klassik toxuma, preslənmiş karbon, pətək və ya kamuflyaj) da seçə bilər.
Bundan əlavə, avtomobili KW komponentlərindən yığılan və tənzimlənən POGEA Label V1 asqısı və 215/35 ZR18 ölçülü Michelin Pilot Sport 4S təkərlərinə taxılan 18-düymlük xüsusi təkər disklərilə təchiz ediləcəkdir. Nəticədə, avtomobilin ağırlıq mərkəzi 45 millimetr aşağı düşür.
Qeyd etmək gərəkdir ki, təklif edilən tüninq dəsti, donor Abarth modelinin qiymətini 18.810 avro artırır.