Keçən həftəsonu Rodriges qardaşları adına avtodromda keçirilmiş Meksika Qran Prisi barəsində öz mülahizələrimi yazmazdan öncə, “Yeddi oğul istərəm” filmindəki bir səhnəni xatırlatmaq istərdim. Filmə baxanlar xatırlayarlar. Komsomolçuların Peykanlı camaatı üçün hazırladığı tamaşada personajlardan biri Gəray bəyə xitabən bu sözləri deyir – belə bir zamanda aferist olmalı Gəray bəy.
Bəli, Formula 1 çempionatının gedişi onu göstərir ki, qələbə əldə etmək üçün hər bir üsul qəbulediləndir. Bu üsullardan biri də rəqibi aldatmaqdır. Hələ yarış başlamazdan öncə Mercedes komandası hiyləgərliyə əl atıb və italyanlara "papış" tikib - Həmilton müsahibələrin birində yarışda şinlərin ucbatında 2-3 pit-stop ediləcəyini bildirib. Hətta, Pirelli də pit-stop strategiyasını açıqlayanda 2-3 pit-stopun mümkünlüyünü qeyd edib. Ən maraqlısı odur ki, italyan komandasının Mercedes komandasının alman komandası olduğunu unudaraq, onları britaniyalı centlmenlər ilə səhv salıblar.
Maks Ferstappenin pouldan məhrum edilməsi ilə ilk cərgədən start alan Ferrari pilotları yarışın əvvəlində liderliklərini qorusalar da, pit-stop strategiyası onları geriyə atıb. Eyni zamanda, Ferrari pilotları sıralamalarda yaxşı tempə malik olsalar da, yarış tempinə görə Mercedes pilotlarından bir gədər zəifdirlər. Lakin, italyanların başlıca səhvi pit-stop strategiyası olub – onlar öz pilotları üçün iki pit-stop strategiyasını seçiblər. Rəqiblərinin əksinə olaraq, Mercedes strateqləri bir pit-stop strategiyasına üstünlük veriblər.
Yarışın ilk anında Maks Ferstappenin əvvəlcə Lyusi Həmiltonla toqquşması, sonra isə Bottasla təması gənc hollandiyalının qələbə şanslarına son qoyub. Təkərin partlaması ilə geriyə düşən Maks əla pilotaj nümayiş etdirərək, yarışı altıncı bitirməyə müvəffəq olub.
Ferrari komandası isə Şarl Leklerin yarışını pit-stop strategiyası və ikinci pit-stopdakı gecikmə ilə məhv edib. Ferrari strateqləri ilk pit-stoplardan sonra aldandıqlarını anlayaraq Fetteli bir pit-stop strategiyasına keçiriblər, amma bu alman pilota yalnız ikincilik üçün kifayət edib. Burada da almanlar italyanları aldatmağa müvəffəq olublar – onlar Lyuisi ikinci pit-stopun gözlədiyi görünüşünü yaradaraq Fetteli arxayın salıblar, sonra isə Bottasın təzyiqləri sayəsində onu liderə yaxınlaşmağa qoymayıblar.
Meksikalılara gəlincə, onlar azarkeşlər üçün xüsusi sürpriz hazırlayıblar. Fettel və Bottas podiuma piyada çıxsalar da, Lyuis ilk pilləyə çıxmaq üçün bolidi ilə birlikdə podiuma qalxıb. Çox güman ki, təşkilatçılar yenidən Həmiltonun Meksikada çempionluğunu rəsmiləşdirəcəyini ehtimal edirdilər. Lakin, Bottasın üçüncülüyü bu məsələni növbəti Qran Priyə - ABŞ Qran Prisinə daşıyıb.