İndianapolisdə keçirilmiş “Indy 500” yarışının ən yaxşı debütantı olaraq McLaren Honda komandasının ispan pilotu Fernando Alonso seçilmişdir. İspan pilot “köhnə kərpiçlidə” yarışmaq üçün hətta nüfuzlu Monako Qran Prisində çıxış etməkdən imtina etmişdir. Bu barədə Autosport saytı xəbər vermişdir.
Formula 1 üzrə ikiqat dünya çempionu yarışa beşinci yerdən başlamış, yarışa 27 dövrə liderlik etmiş və bolidindəki Honda mühərrikinin sıradan çıxması ucbatından finiş görə bilməmişdir. Yarışı tərk etməzdən əvvəl Fernando yeddinci yerdə idi və onun qələbə çalmaq şansı vardı. Beləliklə, növbəti dəfə Honda mühərriki istedadlı pilotun qələbə şanslarını yerlə yeksan etmişdir.
Fernandonun F1-dəki yarışdan imtina edərək Indy 500 qatılmasının başlıca səbəblərindən biri dünyanın ən nüfuzlu yarışında iştirak etmək və nəhayət qələbə çalaraq uzun müddət dadmadığı qələbə sevincini yenidən hiss etmək idi. Lakin, Honda mühərriki növbəti dəfə dünya çempionuna zərbə vuraraq onu bu şansadan məhrum etdi. Növbəti məyusluqdan sonra Alonsonun qəlbində tüğyan edənləri təssəvvür etmək o qədər də çətin iş deyildir.
Honda Motorsport rəhbərliyinə isə, bu qədər biabırçılıqdan sonra seppuku (xarakiri) ritualını həyata keçirməyi məsləhət görərdim. Ən azından samurayların şərəf kodeksi olan Busido bunu tələb edir.
Yarışı tərk etməsinə baxmayaraq, yarışın protokolunda Alonso 24-cü yerdə sıralanmışdır. Yarışda ümumilikdə dörd yeni pilot iştirak etmişdir. Onlardan ən yaxşı nəticə göstərəni üçüncü yerdə finiş görən Ed Cons olmuşdur. Yarışın qalibi isə, Formula 1 həvəskarlarına yaxşı tanış olan Takuma Sato olmuşdur.
Keçən il “Indy 500” yarışının ən yaxşı debütantı amerikalı Aleksandr Rossi olmuşdur.
O, yarışların tarixində bu mükafatı alan və eyni zamanda yarışın qalibi olan üçüncü pilot olmuşdur.